12:00 31-05-2020
news_image
118
FUTBOL

Problem yarana biləcəyini istisna etmədi - Aftandil Hacıyev

“Müqaviləsi bitən futbolçulardan heç kim hələlik bizə müraciət etməyib”.

Bunu apasport.az saytına “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Paytaxt klubunun bir neçə futbolçusunun müqavilə müddəti mayın və iyunun sonuna qədərdir ki, çalışdırıcı onlarla bağlı problem yaşanacağına inanmır. Gənc mütəxəssis tam heyətlə mövsümü başa vuracaqlarını düşünür: “Bizə hansısa oyunçu tərəfindən bir şərt irəli sürülməyib. Toplaşdıqdan sonra bəzi suallar ola bilər. Hazırda müqaviləsi bitənlərlə bağlı qeyri-müəyyənlikdir. FİFA və UEFA-nın tövsiyəsi belədir ki, futbolçular mövsümün sonuna qədər komandalarında qalsınlar, klublarla oyunçular öz aralarında razılaşsınlar. Düşünmürəm ki, ciddi problem olsun. 1-2 nəfərdə problem yarana bilər ki, bu da yoluna qoyulacaq”.

Hacıyev “Neftçi”dən icarəyə götürülən Fəhmin Muradbəyli və Orxan Qurbanlı ilə bağlı məsələyə də münasibət bildirib. 39 yaşlı çalışdırıcı adıçəkilən futbolçuların komandada saxlanılacağını deyib: “İcarədə olan futbolçular yəqin ki, mövsümü “Səbail”də tamamlayacaqlar. İndi getsələr belə, oynaya bilməzlər. Ehtiyac yaranarsa, bununla bağlı “Neftçi” ilə danışıq da aparılar. Amma düşünürəm ki, buna gərək qalmayacaq. Çempionatın sonuna, onsuz da, çox vaxt qalmayıb. Onlar da bizimlə olacaqlar”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də - XX turdan sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb.