12:23 31-05-2020
news_image
279
FUTBOL

Bu günlə yaşayan “Sabah” və ya sabah olmayacaq

Sabahın da sabahı var. Bu atalar sözü bir çox sahəyə aid olsa da, Azərbaycan futbolu ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Çünki futbol funksionerlərimiz üçün yalnız bir gün var – o da bu gün.

Sabah demişkən, elə “Sabah” klubu da adına uyğun fəaliyyət göstərmir. Cəmi 3 ildir yaranan komandanın ömrünün iki rəqəmə çatacağına, ilk böyük yubileyinə qədər yaşayacağına ümid azdır. Çünki klub rəhbərliyinin getdiyi yol yol deyil.

Azərbaycan futbolunda pulun havaya sovrulduğu dönəmdə “Bakı” və “Xəzər Lənkəran” pul kisəsinin ağzını açıb gələnə də, gedənə də nəmər verirdilər. Transferlərə xərclənən pulları isə saymaqla bitirmək olmazdı. Xüsusən də, “Xəzər Lənkəran” ölkədə kim özünü bir balaca göstərir, ayağında top saxlaya bilirdisə “5 alırsan, 50 verirəm” deyib, yığırdı bir yerə. Bəs hardadır həmin “Bakı” və “Xəzər Lənkəran”? Yenə “Bakı” pulu tükənəndə bir müddət oynatmaq məcburiyyətində qaldığı gəncləri üzə çıxara bildi. Lənkəranlıların yeganə fəxri Orxan Sadıqlıdır ki, o da çempionatımızda gün keçirməklə məşğuldur.

İndi “Sabah” eyni yolu tutub, bataqlığa doğru “inamla irəliləyir”. Klub rəhbərliyi harda nisbətən yaxşı təsir bağışlayan yerli futbolçu görür, yüksək maaş vədi ilə gətirməyə çalışır. Az qala bütün üzdə olan futbolçuların adı bakılıların transfer siyahısındadır.

Qısa müddətdə futbolçu yetişdirməyin mümkünsüzlüyünü başa düşürük. Onlara bu dəqiqə “oyunçu üzə çıxar” deyən də yoxdur. Amma büdcədə nə var 2-3 ilə dağıtmaqla sabahını parlaq edə bilməzsən. Boş yerə deməyiblər ki, bağa bax üzüm olsun, yeməyə üzün olsun. İndi “Sabah” klubu da mənasız transferlərə yüzminlər dağıtmaq əvəzinə planlı şəkildə iş qursa, yalnız bu günü deyil, sabahını da düşünsə, niyə də böyüməsin? Azərbaycan futbol qəbiristanlığı “1-2 ilə çempion olmalıyam” düşüncəsi ilə işə başlayan klublarla doludur.

Təəssüf ki, “sabaha kim ölə, kim qala” düşüncəsinin nəticəsidir ki, illərdir futbolumuz yerində sayır, hətta deyərdik geriləyir. Bu axına düşən “Sabah”ın da sabahı görünmür.