19:53 01-06-2020
news_image
327
FUTBOL

Birinci Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqladı - AFFA

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, xüsusi karantin rejimi nəzərə alınaraq, komitə üzvlərindən telefon zəngi vasitəsilə koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib.

Aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub. Komitə bir gün öncə apasport.az saytının yazdığı kimi Birinci divizion və Gənclər Liqasını bərpa etməməyə qərar verib.
 
1. Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, mövsüm dayandırılsın. Hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunsun. 

Nəticədə “Turan-Tovuz” çempion adını qazanıb, “Səbail-2” gümüş, “Zaqatala” üçüncü yeri tutub.

2. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun. Buna əsasən, “Qəbələ” növbəti dəfə çempion adına yiyələnərək, ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanıb. “Sabah” ikinci, “Səbail” üçüncü olub.

3. Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənsin (FİFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq).

4. Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyəti COVİD-19 testindən keçirilsin.

Qeyd edək ki, bütün qərarlar verilərkən Premyer Liqa, Birinci Divizion və Gənclər Liqası ilə bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub. Həmin klublar tərəfindən müsbət münasibət bildirilib.