10:45 02-06-2020
news_image
327
FUTBOL

7-ci həsrət - Azərbaycan futbolunda

Koronavirus üzündən dayandırılan Azərbaycan Premyer Liqasında fasilə 104 gün davam edəcək.

Apasport.az saytının məlumatına görə, martın 8-dəki oyunlardan sonra dayanan 2019/20 mövsümü iyunun 21-də bərpa olunacaq.

Bu isə o deməkdir ki, qarşılaşmalar 105 gündən sonra keçiriləcək. Yəni stadionlarımızda fasilə - futbolsuz günlər 104-ə bərabər olacaq.

Bunun daha yaxşı anlaşılması üçün izah verək. Ardıcıl iki gün oyun keçirilirsə, stadion bir gündən sonra oyun qəbul edir, amma fasilə olmur. Yəni günlər arasında fərq və fasilə daim fərqli rəqəmlər olur.

Ölkə çempionatları tarixində 7-ci dəfədir ki, futbolsuzluq 100 və daha artıq günü əhatə edir.

Qiyamdan doğan həsrət
Mütləq rekord 2002-2003-cü illəri əhatə edir. 2001/02 mövsümündə “Şəfa” – “Xəzər Universiteti” görüşündəki hakim səhvinə etiraz edən klublar AFFA-ya qarşı qiyam qaldıraraq çempionatı yarımçıq dayandırdı. Növbəti mövsüm də meydana çıxmayan komandalar bir də 400 gündən sonra yeni çempionata başladı. Azarkeşlər 2002-ci aprelin 12-dən 2003-cü il mayın 17-dək 399 gün həsrət yaşadı.

Uzun məzuniyyət
Dörd dəfə iki mövsüm arasındakı fasilə 100 gündən çox olub. Ən uzun yay fasiləsi 1999-cu ildə qeydə alınıb. 1998/99 mövsümünü mayda başa vuran komandalar 1999/2000 mövsümünə oktyabrda start verib. Bu da onunla bağlıdır ki, “Turan”la “ANS-Pivani”nin AFFA tərəfindən çempionata buraxılmaması kimi qalmaqal startı yubadıb. Nəticədə yay fasiləsi 158 gün sürüb.

1992 və 1993 mövsümlərini 111 gün ayırıb. Hərçənd, yarımçıq qalan bir görüş sonradan keçirilməsəydi, vaxtında baş tutsaydı, fasilə 123 günə bərabər olardı.    

1997-ci ilin yay fasiləsi 107 gün çəkib. 1996/97 mövsümündən sonra klublar 1997/98 mövsümünə 3 ay yarımdan çox hazırlıq keçmək imkanı qazanıb.
Bir neçə il əvvəl də belə uzun fasilə yaşanıb. İslam Həmrəyliyi Oyunlarına görə tez – apreldə başa çatan 2016/17 mövsümünün son turundan 2017/18 mövsümünün startınadək 104 gün fasilə qeydə alınıb.

Unikal qış fasiləsi, koronovirusdan da uzun
İlk baxışdan cari mövsümdəki 104 günlük fasilə çempionatın gedişindəki ən uzun həsrət təsiri bağışlayır. Amma əsla belə deyil. 2000/01 mövsümündə I dövrəni noyabrda bitirən iştirakçılar martda çempionatı davam etdirdi. 111 günlük qış fasiləsi Azərbaycan çempionatları tarixində ən uzun qış fasiləsidir. Bu da səbəbsiz deyil. Cəmi 22 turun olduğu çempionatda hər dövrədə 11 tur oynanılıb.