12:19 02-06-2020
news_image
439
FUTBOL

“Bir dəfə mənimlə oturdu, araq içdik, dedi ki...” – yığmamızın baş məşqçisi

“Onun keçdiyi təlim-məşq toplanışında o qədər qaçırdıq ki, futbolçular qusurdular”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın gənclər millisinin baş məşqçisi Milan Obradoviç vaxtilə rəhbərliyi altında oynadığı Yuri Syomin haqda danışarkən deyib.

2001-2003-cü illərdə Moskva “Lokomotiv”ində çıxış edən 43 yaşlı mütəxəssis Syominin sərt məşqçilik metodundan bəhs edib. O, 2013-14 mövsümündə “Qəbələ”ni də çalışdırmış 73 yaşlı məşqçinin məşqlər zamanı əsəbi olduğunu söyləyib: “Syomin çox hirslənirdi, çantaları təpikləyirdi. Qışqırırdı, ağzından tüpürcək çıxırdı. Onun üçün məkan fərqi yox idi: paltardəyişmə otağında da, meydançada da, meydana girməzdən əvvəl dəhlizdə də, avtobusda da qışqırırdı. Onun komandasına gələndə gənc və qürurlu idim. Syominin metodu məni şoka salmışdı. Ancaq məşqçi olandan sonra onu başa düşdüm. Çox emosional insan idi və bilirdi ki, yalnız bu yolla komandanı qələbəyə, çempionluğa kökləyə bilər”.

Serbiyalı çalışdırıcı Azərbaycan Premyer Liqasının mükafatçısı ilə səmimi söhbətindən də söz açıb: “2002-ci ildə qazanılan çempionluqdan sonra yaxşı içdik, Syomin mənimlə açıq danışdı. Əvvəllər kafedə onunla oturmurdum. Rəhbərliyi altında məşq edir, sonra idman zalında çalışır, yemək yeyib, oradan ayrılırdım. Yaxından əlaqəmiz olmamışdı. Bir dəfə mənimlə oturdu, çiynimə vurdu, araq içdik. Mənə dedi ki, niyə həmişə bacardığın kimi yaxşı oynamırsan? Mən isə cavabımda söylədim ki, siz niyə həmişə mənim üstümə qışqırırsınız?”.

Qeyd edək ki, “Lokomotiv” bu yaxınlarda Yuri Syominlə yollarını ayıraraq, baş məşqçi postuna Marko Nikoliçi gətirib.