16:09 02-06-2020
news_image
316
FUTBOL

Daha 2 əcnəbinin taleyi dəqiqləşdi – “Neftçi”də

“Neftçi”də daha iki əcnəbi futbolçunun taleyinə aydınlıq gəlib.

Bu barədə apasport.az saytına Bakı klubunun idman direktoru Ceyhun Sultanov məlumat verib.

O bildirib ki, son vaxtlar komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər yayılan hücumçular Dario Frederiko və Stiven Jozef-Monroz müqaviləsinə sadiq qalacaq.

Klub rəsmisi adıçəkilən oyunçuların növbəti mövsümü də “ağ-qaralar”ın heyətində keçirəcəyini vurğulayıb: “Açığı, mövsümün bərpa olunması qərara alındığından, hazırda bütün diqqətimiz qarşıdakı oyunlara yönəlib. Hamı son 8 tur barədə fikirləşir. Bu üzdən Monroz və Dario ilə heç bir söhbət olmayıb. Deyə bilərəm ki, onlar heç yerə getmək fikrində deyillər. Düzdür, həyatda bir anda hər şey baş verə bilir. Amma bu futbolçuların “Neftçi” ilə müqavilələri davam edir və komandada qalacaqlar”.

Qeyd edək ki, həm Dario Frederiko, həm də Stiven Jozef-Monrozun “Neftçi” ilə sözləşmə müddəti gələn ilin yayına qədərdir.