
Koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasının bərpa olunması qərarına yenidən baxıla bilər.
Apasport.az saytının məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü qərarı ölkə çempionatının qalan 8 turunun keçirilmə ehtimalını azaldıb.
AFFA İcraiyyə Komitəsi martın 13-də dayandırılan Premyer Liqanın iyunun 21-də bərpa olunmasını qərara almasına və klubların məşqlərə başlamasına baxmayaraq, məsələyə yenidən baxılması zərurəti yaranıb. Çünki iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək xüsusi karantin rejiminin tam izolyasiya şəklində ən sərt forması tətbiq ediləcək. Həftəsonu qadağalarının iyunun 13-15-də də tətbiq olunması nəzərdə tutulur.
Bu isə üç aya yaxındır məşq etməyən komandaların iyunun 21-də bərpa olunması nəzərdə tutulan çempionatın qalan matçlarına hazırlaşmaq şanslarını minimuma endirir. Ölkə çempionatındakı təqvim sıxlığını nəzərə alsaq, matçların sonrakı tarixlərə təxirə salınması isə mümkünsüz görünür. Çünki UEFA-nın tövsiyəsinə görə, avqustun 3-nə qədər bütün daxili yarışlar yekunlaşdırılmalıdır.
Hazırkı duruma əsasən Premyer Liqanın bərpa olunmayacağını və vaxtından əvvəl başa çatdırılacağını təxmin etmək olar. Əgər belə alınarsa, mükafatçıların elan edilib-edilməyəcəyinə və avrokubok iştirakçılarının turnir cədvəlinə uyğun müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyinə AFFA İcraiyyə Komitəsi qərar verəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası XX turdan sonra dayandırılıb.