11:00 05-06-2020
news_image
262
FUTBOL

“Qarabağ”ı dayandırıb, milyonlar qazandırdı”

APOEL qapıçısı Vid Beletslə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Nikosiya klubunda icarə əsasında çıxış edən sloveniyalı qolkiper müqavilə ilə məxsus olduğu “Sampdoriya”ya qayıdıb.

30 yaşlı qolkiperlə vida mətni hazırlayan Kipr klubu onun ən böyük uğuru kimi cari mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la matçdakı qurtarışını göstərib: “Belets Bakıdakı görüşün 42-ci dəqiqəsində Abdullah Zubirin yüz faizlik qol zərbəsini dəf etməklə rəqibi dayandırdı, APOEL-i isə qrupa daşıyaraq kluba milyonlar qazandırdı. Onun APOEL-ə nələr bəxş etdiyini məhz həmin epizod göstərir”.

Qeyd edək ki, III təsnifat mərhələsində Nikosiyada “Qarabağ”a 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, Bakıda 2:0 hesablı qələbə qazanan APOEL növbəti mərhələyə adlayıb. Bu komandalar Avropa Liqasının qrupunda da rəqib olub və APOEL yenə üstün çıxış edib (2:2, 2:1).