11:38 05-06-2020
news_image
2807
FUTBOL

Koronavirusa yoluxan Nadir Qasımov: “Xəstələri görüb dəhşətə gəlirəm” - MÜSAHİBƏ

Koronavirusa yoluxan Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımovun apasport.az saytına müsahibəsi

- Koronavirusa yoluxduğunuzdan xəstəxanaya yerləşdirilmisiniz. Hazırda vəziyyətiniz necədir?
- İndi vəziyyətim normaldır, özümü pis hiss etmirəm.

- Virusa yoluxdunuzu necə bildiniz?
- Heç özüm də bilmirəm necə yoluxdum. İlk gündən “evdə qal” çağırışına əməl edən adamam. Yalnız axşam saat 9-dan sonra evin qarşısında 270 addımlıq məsafəni 5-6 dəfə dövr edirdim ki, ayaqlarım tutulmasın. Kimləsə nə təmasda olurdum, nə də söhbət edirdim. Özümə də çox maraqlıdır, dəhşətə gəlirəm ki, bu qədər qorunan adam necə olur ki, yoluxur.

- Ailənizdən, qohumlarınızda başqa yoluxan yoxdur?
- Evdə təkcə həyat yoldaşımla ikimiz qalırıq. Özümü pis hiss etdiyim vaxt zəng vurub həkim çağırdım. Hər ikimizdən test götürdülər. Həyat yoldaşımda testin nəticəsi mənfi çıxdı.

- Həkimlər durumunuzla bağlı nə deyirlər?
- Hazırda Neftçilər xəstəxanasındayam, bir neçə gündən sonra yenidən məndən test götürəcəklər. Əslində, məndə elə güclü simptomlar yoxdur. Yalnız temperaturum yüksək olur. Hərarətim 37-ni keçən kimi canıma darıxma düşür. Həkimlər sistem qoşurlar, hərarətim düşəndə özümü normal hiss edirəm.

- Yanınızda bu virusa yoluxan başqa xəstələr var?
- Bəli, bura xəstə ilə doludur. Onlara baxıb dəhşətə gəlirəm. Öskürəkləri dayanmır, boğulurlar. Məndə hələ belə hallar yaranmır.

- Futbol ictimaiyyətindən kimlər sizinlə əlaqə saxlayıb halınız soruşur?
- Bəli, tələbələrim, məşqçilər zəng vururlar. Rüstəm Rəhimov, Ağasəlim Mircavadov maraqlanır. Hətta Rüstəm müəllimdən xahiş elədim ki, maaşımı alıb evə çatdırsın.

- AFFA rəhbərliyindən zəng edən olub?
- AFFA-dan Nəriman adlı bir oğlan zəng vurub soruşmuşdu ki, sizə nəsə lazımdır? Burada mənə nə lazım olacaq ki? Sağ olsunlar, həkimlər çox yaxşı baxırlar, xəstələrin qulluğunda dururlar.

- Koronavirusa hələ də inanmayan, gigiyenik qaydalara əməl etməyən insanlar var. Onlara sözünüz nədir?
- Çox nahaq yerə inanmırlar. Mən hələ inanırdım, qaydalara əməl edirdim, buna baxmayaraq, xəstəliyə yenə də tutuldum. Burada insanların necə əziyyət çəkdiklərini görürəm.

Ruslan Sadıqov