13:14 05-06-2020
news_image
2268
FUTBOL

Geryenin Tallisonla fərqi - əvəzləməsi mümkün deyil

“Neftçi”nin “Quarani”dən transfer etdiyi Tallison Braziliya mətbuatının gündəmindən düşmür.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı həmkarlarımız 29 yaşlı sol cinah müdafiəçisinin gedişini “Quarani” üçün itki saymırlar.

Bildirilir ki, “sambaçı” klubunda əvəzedilməz oyunçu olmayıb. Sadəcə, az məbləğdə maaş aldığı üçün rəhbərlik onun qalmasının tərəfdarı idi: “Tallison əvvəlki klublarından fərqli, “Quarani”də daha çox oynamaq imkanı qazanıb. Lakin əlahiddə heç nə ilə yadda qalmayıb. Bu mənada rəhbərlik onun boşluğunu asanlıqla doldura biləcək”.

Braziliya KİV-nin yazdığından belə qənaətə gəlmək olar ki, “Neftçi”nin hazırkı dövrdə astronomik məbləğdə maaş vədi ilə 3 illik müqaviləni razılaşdırdığı Tallisonun paytaxt klubuna əlavə güc qatacağı inandırıcı deyil. B seriyasından gələn futbolçu bir dəfə Avropada legioner həyatı yaşayıb ki, onda da “Sent-Truyden”də (Belçika) keçirdiyi bir il ərzində cəmi 1 matçda meydana çıxıb.

Ümumilikdə karyerasına nəzər yetirdikdə, Tallisonun “Neftçi”dən ayrılan Vild-Donald Gerye ilə arasında böyük fərq olduğunu hiss etməmək mümkün deyil. Onun haitilini layiqincə əvəzləyə bilməyəcəyini indidən düşünmək olar.