10:19 08-06-2020
news_image
164
FUTBOL

Dünyada 74, Azərbaycanda 49 yaş - ən yaşlı məşqçilər

Baş məşqçi kimi fəaliyyətini davam etdirən dünyanın ən yaşlı məşqçilərindən ibarət siyahı hazırlanıb.

Apasport.az saytının məlumatına görə, yaşı 70-dən yuxarı olan 9 mütəxəssisin adı vurğulanıb ki, onlardan biri vaxtilə Azərbaycanda çalışıb.

Bu, “Bakı”nın sabiq baş məşqçisi Vinfred Şeferdir. 2010/11 mövsümündə ölkəmizdə “Bakı” klubuna rəhbərlik etmiş almaniyalı mütəxəssis daha sonra Tailand, Yamayka və İranda işləyib, hazırda isə Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunu çalışdırır. 70 yaşı olan Şefer ilk “9-luğ”un son “sakini”dir.

Onunla yanaşı, Duşan Baeviç (71 yaş - Bosniya və Herseqovina), Lars Laqebek (71 - Norveç), Can Pyero Ventura (72 – “Salernitana”), Dik Advokat (72 – “Feyenoord”), Roy Hocson (72 – “Kristal Pelas”), Oskar Tabares (72 - Uruqvay), Xesualdo Ferreyra (73 – “Santos”) və Edoardo Rexa (74 - Albaniya) hələ də iş başında olan yaşlı məşqçilər kimi göstərilib.

Maraqlıdır ki, hazırda Azərbaycan Premyer Liqasında iş başında olan ən yaşlı məşqçinin cəmi 49 yaşı var. Bu, “Keşlə”nin çalışdırıcısı Tərlan Əhmədovdur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ondan cəmi 1 yaş kiçikdir. Çempionatımızda fəaliyyət göstərən 3 mütəxəssisin isə hələ heç 40 yaşı tamam olmayıb.