
“Albasete”nin kapitanı Nestor Susaeta “Rayo Valyekano”ya qarşı La Liqa-2-nin XXVIII turundan təxirə salınmış oyun barədə fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu iyunun 10-da ikinci hissəsi keçiriləcək matçda hədəflərinin 1 xal olacağını söyləyib.
O, görüşün ilk hissəsinin sonlarında Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun qırmızı vərəqə almasının işlərini çətinləşdirəcəyini vurğulayıb: “Xəyalpərəst insan deyiləm. Madriddən 3 xalla qayıtmaq istərdik. Amma bu gün məndən soruşsalar ki, Eddi İsrafilovun yoxluğunda 10 nəfərlə 1 xala razısanmı, cavabım “bəli” olar. Eddinin qırmızı vərəqə alması bizim işimizi xeyli çətinləşdirəcək. Madriddəki qarşılaşmada əsas məqsədimiz 45 dəqiqə ərzində qapımızın toxunulmazlığını qorumaq olacaq”.
Qeyd edək ki, fevralın 20-də keçirilən “Rayo Valyekano” – “Albasete” matçının 45+4-cü dəqiqəsində ikincilərin futbolçusu Eddi İsrafilov qırmızı vərəqə aldığından qalmaqal yaşanıb və görüş yarımçıq dayandırılıb. Yerli federasiya koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın iyunun 10-da məhz həmin matçla bərpa olunmasını qərara alıb.