09:40 09-06-2020
news_image
1023
FUTBOL

“Azarkeşsiz oyuna Azərbaycanda öyrəşmişəm” – Yakub Jezniçak

“Visla” ilə bu mövsüm ilk “8-liy”ə düşmək bizim üçün kubok qazanmağa bərabər olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Plotsk “Visla”sının müdafiəçisi Yakub Jezniçak deyib.

Koronavirus pandemiyası səbəbindən dayandırılan Polşa çempionatının bərpasına münasibət bildirən 34 yaşlı futbolçu matçların azarkeşsiz keçirilməsi qərarını faciə saymayıb. O, “Qarabağ”da olarkən buna öyrəşdiyini vurğulayıb: “Həm “Legiya”, həm də “Qarabağ”da azarkeşsiz keçirdiyimiz oyun olub. Azərbaycanda oyunlar olurdu ki, tribunalarda bir dəstə azarkeş görünürdü. Buna görə də, azarkeşsiz oyuna öyrəşmişəm. Ancaq bir çox futbolçular üçün boş tribunalar önündə çıxış etmək yeni olacaq. Bəzi stadionlara onsuz da, az adam gəlirdi. Onlar üçün elə bir fərqi olmayacaq”.

Polşa millisinin sabiq üzvü qazandığı titullarla fəxr etdiyini də söyləyib: “Legiya” ilə 5, Azərbaycanda 2 dəfə ölkə çempionu oldum, kuboklar qazandım, Çempionlar Liqası və Avropa Liqasının qrupunda iştirak etdim. Bu, istedadımdan daha yüksək nəticələrdir. Öz üzərində çalışmaq və bəxt istedaddan daha önəmlidir. Bu üzdən qazandıqlarıma görə minnətdaram”.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə ölkəmizdə “Qarabağ”ın formasını geyinib. Polşa çempionatı bu gün baş tutacaq matçlarla bərpa olunacaq.