21:39 09-06-2020
news_image
656
FUTBOL

92 günlük həsrət darmadağınla bitdi - YENİLƏNİB

Azərbaycanda futbol həsrətinə son qoyulub.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən martda dayandırılan futbol yarışları bu gün bərpa olunub.

92 günlük həsrət “Qarabağ”la “Sabah” arasında keçirilən yoxlama görüşü ilə bitib. İyunun 21-də bərpa olunması planlaşdırılan Premyer Liqaya hazırlığını davam etdirən komandalar ilk yoxlama görüşünü “Bank Respublika Arena”da keçiriblər.

Boş tribunalar önündə və yeni qaydalara uyğun baş tutan matç bol qollu alınıb. 90 dəqiqə ərzində referi 5 dəfə mərkəzi göstərib ki, bunun hamısında bir komanda fərqlənib. Rəqib qapısına birinci hissədə 3, fasilədən sonra isə 2 dəfə yol tapan "Qarabağ" 5:0 hesablı qələbə qazanıb. "Sabah" isə yalnız Mario Marinanın son dəqiqələrdə ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə yadda qalıb.

Qeyd edək ki, iyunun 14-də ikinci yoxlama matçı çərçivəsində “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Zirə” ilə üz-üzə gəlməyi planlaşdırır.

Yoxlama görüşü
9 iyun
“Sabah” – “Qarabağ” - 0:5

Qollar: Mahir Emreli, 3. Xayme Romero, 15. Filip Ozobiç, 37. Mahir Emreli, 65. Kvabena Ovusu, 90
Qırmızı vərəqə: Mario Marina, 90+3
“Bank Respublika Arena”