17:46 09-06-2020
news_image
479
FUTBOL

Monroza təklif – Dabonun yeni komandasından

“Neftçi”nin hücumçuları Baqali Dabo və Stiven Jozef-Monroz yenidən eyni komandada çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, Dabo ilə ilkin müqavilə bağlayan Kipr klubu “Apollon” onun həmyerlisini də heyətinə qatmaqda maraqlıdır.

Ancaq iyulun 1-də azad agent statusu daşıyacaq Dabodan fərqli, Monrozun transferi özündən asılı deyil. Çünki onun Bakı təmsilçisi ilə hələ birillik müqaviləsi qüvvədədir. Limassol klubu 30 yaşlı forvardla hətta ilkin danışıq da aparıb. Futbolçu keçidə müsbət yanaşarsa, “Apollon” “Neftçi” rəhbərliyi ilə təmasa keçəcək.

Mövsümün sonunda bir neçə əsas heyət üzvü ilə vidalaşacaq “Neftçi” Monrozun gedişinə qarşı deyil. Çünki hücumçu “flaqman”da “Qəbələ”dəki performansını göstərə bilmir. Buna baxmayaraq, paytaxt təmsilçisi oyunçusunu pulsuz buraxmaq istəmir, onun keçidindən təzminat qazanmağı planlaşdırır.

Qeyd edək ki, müdafiəçi Vild-Donald Gerye ilə artıq vidalaşan “Neftçi” ən geci mövsümün sonunda Baqali Dabonu da yola salacaq. Həmçinin Soni Mustivar, Vangelis Platellas və Dario Frederiko kimi əcnəbilərin gedişi də istisna deyil.