11:43 10-06-2020
news_image
352
FUTBOL

“Qarabağ”a yaraşmayanlar

Azərbaycanda transferlərə ən həssas yanaşan komanda kimi tanınan “Qarabağ” ildən-ilə bu adı itirməkdədir.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun məşqçilər korpusunun son illərdəki seçimləri zamanı edilən yanlışlar bunu deməyə əsas verir.

Azərbaycan çempionunun digərləri ilə müqayisədə ən böyük üstünlüyü heyətini stabil qoruması olub. Lakin baş məşqçi Qurban Qurbanov illər keçdikcə müxtəlif səbəblərdən bu strategiyanı dəyişməli olur. Əvvəllər komandaya gətirilən əcnəbi futbolçular uzun müddət burada qalar, doğmalaşardı. Admir Teli, Ansi Aqolli, Riçard Almeyda, Dani Kintana, Miçel Maderanı bu qəbildən saymaq olar. Ancaq son illərin transferləri sırasında özünü göstərə bilməyib, qısa müddət sonra yola salınanlar da kifayət qədərdir. Yenicə göndərilən Maqaye Qeye hələlik sonuncu belə uğursuz transferdir.

“Qarabağ”ın 2015-ci ildən indiyə qədər gerçəkləşdirdiyi transferlərə göz gəzdirsək, digər klublarda parlayıb Ağdam təmsilçisinə böyük ümidlərlə gətirilən, lakin sonrakı karyerası puç olan yerli futbolçu saymaqla bitməz. Elvin Yunuszadə, Vüqar Mustafayev, Tərlan Quliyev, Şəhriyar Əliyev, Rahid Əmirquliyev, Arif Daşdəmirov, Elşən Abdullayev, Ağabala Ramazanov, Emil Balayev, Ramil Şeydayev və Coşqun Diniyev kimi oyunçular “Qarabağ”a keçməzdən əvvəl perspektiv vəd edirdilər. Onların bəziləri bir neçə il qalsa da, gününü ehtiyatda keçirməklə məşğul oldu.

O ki qaldı əcnəbilərə, “Qarabağ” əvvəllər ölkə xaricindən oyunçu gətirəndə yüz ölçüb, bir biçərdi. Bəlkə indi də belə edirlər, gətirməzdən əvvəl bir müddət izləyirlər. Ancaq demək olar ki, hər il uğurlularla yanaşı, uğursuz seçimlərin olması diqqətdən qaçmır.

2015-ci ilin yayında “Lans”dan gətirilən Əlhərbi Əl-Jadeyuiyə məşqçilər korpusu il yarım tab gətirə bildi. Həmin vaxt transfer edilən Raydell Pupon və Vladimir Dimitrovski ölkəmizdə cəmi 6 ay qaldılar. Braziliyalı Danilo Diasın da Azərbaycan karyerası 1 il çəkdi.

2016-cı il mövsümlərarası fasilədə Serbiya "Partizan"ından gələn qapıçı Boyan Şaranov bir ili birtəhər ehtiyatda “yola verdi”, ardından “yaxşı yol”a qonaq oldu. 

Şaranovun yerinə gətirilən Anton Kanibolotski də eyni aqibətlə üzləşdi. İbrahim Sehiçin əvəzedicisinə çevrilən ukraynalı cəmi 1 il sonra karyerasını Polşada davam etdirməli oldu. “Qarabağ” həmin vaxt “Olimpiakos”dan Tarik Elyunussini böyük ümidlərlə icarəyə götürdü. Norveç millisinin sabiq üzvü olması azarkeşləri həyəcanlandırsa da, yarımmüdafiəçidən yarım il sonra ağdamlılar birtəhər canlarını qurtardılar.

2018-ci ildəki dünya çempionatında Lionel Messinin penalti zərbəsini dəf etməklə məşhurlaşan Hannes Halldorssonun gəlişi böyük səs-küy yaratdı. Ancaq İslandiya millisinin kapitanı onunla eyni vaxtda transfer edilən Vaqner da Silva ilə rəqabətdə üstünlük qazana bilmədi. Heç Vaqneri də uğurlular sırasına qoşmaq olmaz. Getdikcə Şahruddin Məhəmmədəliyevin kölgəsində qalan braziliyalı indinin özündə də ehtiyat qüvvədir və çox güman ki, mövsümün sonunda yola salınacaq. Bolqarıstan millisinin üzvü kimi Portuqaliya “Sportinq”indən gələn Simeon Slavçev də sıradan bir oyunçu təsiri bağışladı. Tez-tez zədələndiyi üçün düz-əməlli forma yığa bilməyən yarımmüdafiəçi bu ilin əvvəlində ölkəsinə döndü.

2019-cu ilin yanvarında komandaya qaytarılan azarkeşlərin sevimlisi Reynaldo Silva əvvəlki Reynaldodan uzaq performans sərgilədi ki, bu da cəmi 6 ay qalmasına kömək oldu.

Nəhayət, cari mövsümün əvvəlində edilən transferlər sırasında da işə yaramayanlar oldu. Futbolçudan çox döyüşçüyə bənzəyən Maqaye Qeyenin müqaviləsi davam etməsinə baxmayaraq, Qurban Qurbanov onun heç mövsümün sonuna qədər qalmasına razı olmadı. Həmçinin Faysal Rerras gəldiyi gündən mövqeyinin ikinci, bəzən hətta üçüncü oyunçusuna çevrilib. Mərakeşlinin də sözləşməsi davam edir, ancaq rəhbərlik ondan qurtulmağın yollarını axtarır. İlin əvvəlində “Leqanes”dən alınan Ovusu Kvabenanın isə nəyə qadir olduğunu görmək üçün zamana ehtiyac var.

Təbii ki, “Qarabağ”ın Abdullah Zubir, Xayme Romero kimi uğurlu transferləri də var. Ancaq onların sayının ildən-ilə azalması Azərbaycan çempionunun da güc itirməsi ilə nəticələnir. Buna bir çox səbəb göstərmək olar – çempionatdakı komanda sayı, səviyyənin aşağı düşməsi, bəlkə də büdcənin azaldılması və s. Hər yüksək səviyyəli futbolçu da Azərbaycana gəlmək istəmir. Amma istənilən halda, “Qarabağ” bu durumda belə, Zubir kimi oyunçu tapa bilirsə, deməli, indiki vəziyyətdə də istədiyin səviyyədə futbolçu gətirmək mümkündür.