15:06 10-06-2020
news_image
250
FUTBOL

“Aleksey İsayev ora getməyə tələsdi” – keçmiş baş məşqçisi

“Andrey Tixonovla “Yenisey”də işlədiyimiz vaxt bizdə Aleksey İsayev kimi gənc oyunçu var idi. Getdikcə ona daha çox şans verdik və özünü göstərərək, inkişaf etməyə başladı”.

Apasport.az saytının məlumatına görə, bunu “Rubin” klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Vladimir Ejurov deyib.

Rusiyada “business-gazeta”ya müsahibə verən tacikistanlı mütəxəssis keçmiş yetirməsi olan Aleksey İsayev barədə də fikir bildirib. O, hazırda “Sumqayıt”ın uğurları üçün çalışan 25 yaşlı yarımmüdafiəçinin vaxtilə “Zenit”ə keçidinin yanlış addım olduğunu söyləyib.

Ejurov həmin vaxt İsayevi yaşayacağı uğursuzluqlarla bağlı xəbərdar etdiklərini vurğulayıb: “Mən klubun siyasətinə qarışmıram. Amma “Yenisey”də olarkən yaxşı bir menecer İsayevi bizdən “Zenit”ə aparmağa müvəffəq oldu. Çox ilhamverici futbolçu idi. Tixonov ona dedi ki, “Zenit”ə getməyə tələsmə, hələ buna hazır deyilsən. Bildirdi ki, səni icarəyə verəcəklər və ya ən yaxşı halda əvəzedici heyətdə olacaqsan. Amma İsayev bu fikirlə razılaşmadı, “mən ora getməyə hazıram” dedi. Həqiqətən də, çox böyük arzusu var idi. Amma o dövrdə “Zenit”in əsas heyəti üçün hələ tam yetişməmişdi. Nəticədə “Zenit”lə müqavilə bağladı, orada gənclər komandasında oynamağa başladı. Halbuki ora əsas heyətdə oynamaq motivasiyası ilə getmişdi. Görünür, bu amil Alekseyi həvəsdən saldı. Sonra “Zenit-2”nin baş məşqçisi Vadim Radimovla arasında anlaşılmazlıq yarandı. O da heç bir kaprizə dözmür. Ardından İsayevin “Zenit”ə lazım olmadığı üzə çıxdı. Nəticədə Azərbaycan çempionatına yollandı. Beləcə bir gənc təzyiqə dözə bilmədi, həmçinin menecerlər də”.

Qeyd edək ki, Aleksey İsayev 2018-ci ilin yayından “Sumqayıt”ın formasını geyinir.