16:51 10-06-2020
news_image
218
FUTBOL

“Belə çempion elan olunmağımızı istəmirik” – Rəşad Sadıqov

“Koronavirus pandemiyası, bəlkə də, futbolumuz üçün dönüş nöqtəsi olacaq. Oyunçular öz üzərlərində daha çox işləyəcəklər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov dünən “Sabah”la keçirilən yoxlama görüşündən sonra deyib.

Komandasının 5:0 hesablı qələbə qazandığı qarşılaşmanın ardından “CBC Sport” kanalına danışan veteran müdafiəçi XX turdan sonra dayandırılan Premyer Liqanın bərpa olunmasının tərəfdarı olduqlarını söyləyib: “Futbolçular oynamaq istəyirlər. Bizim arzumuz çempionatın idman prinsipləri ilə başa çatmasıdır. Xal fərqi ilə lider olmağımıza baxmayaraq, burada başqa komandaların da haqqı var. Biz belə çempion elan olunmağımızı istəmirik. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. Amma yenə də nə məsləhət olacaqsa, qərar da ona uyğun veriləcək. Çünki futboldan, idmandan öncə millətimizin sağlamlığıdır. Hər gün göstəricilərə baxılır, vəziyyət diqqətdə saxlanılır. Biz hər şeyə hazırıq”.

Qeyd edək ki, Premyer Liqanın iyunun 21-də bərpası planlaşdırılır.