17:20 10-06-2020
news_image
1420
FUTBOL

“AFFA Premyer Liqanın 5 klubuna “baxır”, bizə də kömək etsin” – Oqtay Abdullayev

“Komandamız Premyer Liqada oynamağa hazırlaşırdı, bunu çox istəyirdi. Belə bir məsələ də gündəmdə idi. Amma yayılan xəstəliklə əlaqədar müəmmalı durum yaranıb”.

Bunu apasport.az saytına “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

Koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan Birinci divizionun çempionunun rəhbəri gələn mövsüm də Premyer Liqada 8 komandanın iştirak edəcəyi ilə bağlı qərara münasibət bildirib. O, məsələ ilə bağlı yaxın günlərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşəcəyini söyləyib: “Elxan Məmmədov çıxışında deyib ki, çempionatda 8 komanda olacaq. Elitanın 5 klubuna AFFA “baxdığı” üçün maliyyə cəhətdən çətinlik yaranır. Amma Elxan müəllim deməyib ki, hazırkı 8 komanda da qalacaq. Bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi qərar verəcək. Bizim hələ də yüksək liqaya çıxmaqla bağlı ümidimiz var. Bu günlərdə icraçı vitse-prezidentlə görüşüm olacaq. Deyib ki, çağıracaq. Mənə elə gəlir ki, AFFA da 10 komandalı çempionatın keçirilməsində maraqlıdır. Ancaq bunun maliyyə tərəfi də var. İcra hakimiyyətlərini, iş adamlarını gərək futbola cəlb eləsinlər”.

Abdullayev Premyer Liqada oynamaq istədiklərini desə də, maliyyə ilə bağlı tələbləri hələ qarşılaya bilmədiklərini sözlərinə əlavə edib: “Komandamız Premyer Liqa üçün lisenziyanın tələb olunan bütün şərtlərinə cavab verir. Yalnız maliyyə baxımdan bir az problem var. Onsuz da, klubların çoxuna – beşinə AFFA “baxır”. Bizə də kömək etsələr, yaxşı olar. Bir az onlar, bir az da iş adamları kömək eləsə, yaxşı komanda qurmaq olar. Tovuzda imkanlı iş adamı çox olmasına baxmayaraq, təəssüf ki, kluba kömək etmirlər. Keçmişdə kluba yaxşı maliyyə ayırıblar, nəticə görməyiblər. Bəlkə də, ona görə indi yaxın durmurlar”.

Tovuz klubunun Müşahidə Şurasının sədri ikinci dəfə I divizionun qalibi olan komandasının yenidən elitaya buraxılmaması ehtimalına da aydınlıq gətirib. O bildirib ki, bunun futbolçulara mənfi təsiri olar: “Komanda ikinci dəfə çempion olur və əgər yenə bir nəticəsini görməsələr, onlardan sonra nə tələb etmək olar? Əgər komanda Premyer Liqaya buraxılmırsa, o zaman birinci divizion niyə keçirilir? Futbolçular da fikirləşirlər ki, heç kim elitaya çıxmayacaq və maraqları “ölür”. Komandamız Premyer Liqaya buraxılmasa nə edə bilərik? Yenə birinci divizionda oynayacağıq”.

Oqtay Abdullayev sonda Premyer Liqa klublarının Bakıda çoxluq təşkil etməsini də tənqidlə cavablandırıb: “Bakı birinciliyindən çoxdan qurtulmağın vaxtıdır. Bakıda bu qədər komanda saxlamağı doğru saymıram. İş adamları bölgələrdəki klubları canlandırsalar, rayonlardan nə qədər istedadlı futbolçu çıxar. Rayonda uşaq futbolunu inkişaf etdirmək üçün mütləq əsas komanda lazımdır. Çünki valideyn də böyüklərin çıxışına baxır, həvəslənib uşağını futbola yazdırır. Məsələn, Lənkəranda əsas komanda dağıldı, uşaq futbolu da “öldü”. Yox kimi bir şeydir. Futbolun inkişafı üçün hamı kömək etməlidir”.