17:57 10-06-2020
news_image
436
FUTBOL

PFL-in koronavirusla bağlı tələbinə məhəl qoymadı - “Səbail”

Premyer Liqada mövsümün bərpasına hazırlaşan “Səbail” bu gün “Zirə” ilə yoxlama görüşü keçirəcək.

Apasport.az saytının məlumatına görə, Zirə İdman Kompleksinin meydançasında baş tutacaq qarşılaşmaya yollanan “Səbail”in futbolçuları Peşəkar Futbol Liqasının (PFL) 2019/20 mövsümünün Əsasnaməsində edilən əlavələrə məhəl qoymayıb.

Koronavirus pandemiyası səbəbindən PFL istər yoxlama, istərsə də rəsmi matçlar zamanı gigiyenik qaydalara əməl edilməsi üçün klubları təlimatlandırıb. Tələblərdən biri oyunun startına qədər stadiona gələn hər kəsin tibbi maskada olmasıdır ki, “Səbail” futbolçuları buna əhəmiyyət verməyiblər.

Qəsəbə təmsilçisinin oyunçuları stadiona maskasız daxil olmaları azmış kimi, oradakı şəxslərlə əl-ələ də görüşüblər. Halbuki bununla bağlı da tövsiyələr edilib. Lakin gigiyenik qaydalara əməl etməyən səbaillilərin bu məsuliyyətsiz davranışı təkcə özlərini deyil, 90 dəqiqə ərzində onlarla mübarizə aparacaq “Zirə” oyunçularını da təhlükəyə atıblar. Görünür, Premyer Liqa bərpa olunduqdan sonra bu kimi halların qarşısını almaq heç də asan olmayacaq.

Qeyd edək ki, “Zirə” – “Səbail” oyunu 18:00-da start götürəcək.