21:22 10-06-2020
news_image
111
FUTBOL

"Çatışmazlıqlar çoxdur" - "Neftçi"nin baş məşqçisi

"Komandaların 3 ay futbolsuz qalıb cəmi 7 gün məşq edəndən sonra meydana çıxıb fədakarlıq göstərməsini yalnız alqışlamaq olar. Çünki futbolçular uzun müddətdir oynamırlar deyə, fiziki vəziyyətləri tam yerində deyil".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov deyib.

O, "Keşlə” klubu ilə yoxlama oyunundan (3:1) sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Gənc mütəxəssis uzun fasilədən sonra meydana çıxıb fədakarlıq göstərən futbolçuları alqışlayıb: "Bir tərəfdən də havanın isti olması onlara çətinlik yaradırdı. Buna baxmayaraq, tapşırıqları yerinə yetirmək üçün meydanda əzmkarlıq göstərdilər. Hər birinə təşəkkür edirəm. Əlbəttə, çatışmazlıqlar çoxdur. Qarşıdakı müddətdə bunların üzərində işləməliyik ki, çempionat oyununadək daha da hazır olaq”.

Məmmədov Dario Federikonun "Neftçi”də istənməməsinə də aydınlıq gətirib: "Onun müqaviləsi var. Elə bir şey yoxdur ki, klub onu istəməsin. Onun oyunundan razı qaldım. Rəsmi görüş olmadığı üçün bəzi futbolçuları fərqli mövqedə yoxlamaq istədik. Mustivar orta sahə oyunçusu olsa da, sol cinahda da maksimum çalışdı. Oyunu məni qane etdi. Ömərə gəlincə, məşqdə zədələnmişdi deyə, risk etmək istəmədik. Baqali Dabo isə sonadək bizimlə olacaq”.

Mütəxəssis qardaşı Xaqani Məmmədovun məşqçilər korpusuna gələcəyi haqda yayılan xəbərlərə də münasibət bildirib: "Bilmirəm, bu xəbərlər haradan çıxır. Belə bir şey yoxdur. Xaqani Məmmədov "Qəbələ”də çalışır. Onu "Neftçi”yə gətirmək planımız yoxdur” (neftchipfk.com).