17:09 11-06-2020
news_image
360
FUTBOL

Əliyar Ağayev: “Beşini görüb, on beşini görməyə bilərik” - MÜSAHİBƏ

FİFA referisi Əliyar Ağayevin apasport.az saytına müsahibəsi

- Uzun fasilədən sonra dünən “Sumqayıt”la “Qəbələ” (2:2) arasında keçirilən yoxlama görüşünü idarə etdiniz. Meydana qayıtmaq necə hissdir?
- Futbolçular kimi, biz də yaşıl meydançalar üçün darıxmışdıq. Çünki işimiz budur. Təbii ki, praktika baxımından bir az çətinlik yaşadıq. Amma ümumilikdə normal keçdi. Futbolçulardan fərqli, bizdə hazırlıq başqa cür olurdu. Oyunçular daha çox toplu məşqlərə üstünlük verirlər. Bizdə isə yeganə çatışmazlıq praktiki cəhətdən idi.

- Artıq oyun zamanı ədaləti qorumaqla yanaşı, həm də futbolçuların gigiyenik qaydalara əməl etmələrinə nəzarət edirsiniz. Oyunçular Əsasnaməyə əlavə olunan qaydaları pozmurdular?
- Ümumilikdə futbolçular da bu məsələyə ciddi yanaşırdılar. Bəzən kimsə görüşmək istəyirdi, birdən yadına düşürdü ki, olmaz. Bu barədə əvvəlcədən də xəbərdarlıq edilirdi. Elə bir problem yaranmadı.

- Futbolsuz geridə qoyduğunuz 3 ayı necə keçirdiniz?
- Mümkün qədər formada qalmağa çalışdıq. Müəyyən müddət oldu ki, ümumiyyətlə, küçəyə çıxa bilmədik. Amma icazə verilən günlərdə hərə fərdi olaraq özü məşq edirdi. Küçəyə çıxmaq icazəsi olmadığı günlərdə də evdə hazırlaşırdıq.

- Karantin rejimi yüngülləşdikdən sonra uşaqlar məhlələrdə futbol oynaya bilirdilər. Belə halla raslaşdıqda onlara qoşulmaq istəmirdiniz?
- Düzü, hərdən oynamaq istəyirəm. Amma yalnız hakimlərlə birlikdə olanda futbol oynayırıq. Digər şəxslərlə heç vaxt oynamıram. Bunu da zədələnməmək üçün edirəm.

- Futbolçular əsasən təmas zamanı zədələnirlər. Hakimlərin 3 aylıq məcburi fasilədən sonra zədələnmək riski nə qədərdir?
- Doğru qeyd elədiniz. Oyun yükü ilə məşq yükü fərqli olur. Artıq həftədə 5 dəfə qrup şəklində məşq edirik. Məşqdə bir ağrı hiss etdiyin zaman yarımçıq dayandıra bilirsən. Amma yoxlama matçlarında ehtiyat hakim olmadığından, ağrı olarsa, vəziyyət çətinləşər. Bunun baş verməməsi üçün də oyundan əvvəl isinmə hərəkətlərini yaxşı etmək lazımdır. Ümumi götürdükdə risk var. Çünki futbolda sürətlənmə, yerindən götürülmə var. Komandalar məşqləri yeni bərpa etmələrinə baxmayaraq, sürət var. Belədə də xüsusən əzələ dartılması riski daha çoxdur.

- Dünənki görüşün tempi necə idi?
- Əlbəttə ki, çempionat dayandırılmazdan əvvəlki dönəmlə müqayisədə fərq var idi. Həm də “Sumqayıt”la “Qəbələ” gənc komandalar olduğundan, oyun sürətli keçirdi. Amma yenə də oyunçuların zədələnməmək üçün çox riskə getmək istəmədikləri hiss olunurdu.

- Xarici ölkələrin bəzilərində oyun zamanı görüşmək, hətta yerə tüpürmək qadağan edilib. Hakimlər bu kimi hallara necə nəzarət edə bilirlər?
-  Bunlar əslində tövsiyə xarakterlidir. Amma buna tam nəzarət edə bilmərik. Beşini görüb, on beşini görməyə bilərik. Birini cəzalandırıb, digərlərinə eyni cəzanı verməsək, ədalətsizlik olar. İkincisi, belə qaydalar tətbiq olunsa, futbol öz gözəlliyini itirmiş olar.

- Məlumdur ki, hakimlər əsasən oyunlar idarə edərək qonorar alırlar. Üç aylıq fasilə dönəmində maliyyə problemi yaşanmadı?
- Dövlət tərəfindən bizə müəyyən ödəmələr oldu. Təbii ki, çempionat dönəmi ilə müqayisədə fərq var idi, bəzi çətinlik oldu. Amma buna da şükür.

- Premyer Liqanın bərpası iyunun 21-nə nəzərdə tutulsa da, hadisələrin gedişi bunun reallaşmaq ehtimalını azaldır. Sizin bununla bağlı fikirləriniz nələrdir?
- Bu barədə qərar vermək mənim səlahiyyətimdə olan bir şey deyil. Amma mən də hesab edirəm ki, birinci növbədə sağlamlıqdır. Sağlamlıq getdisə, onu qaytarmaq olmur. Sağlamlığın yerini heç nə vermir. Ancaq hansı qərarı versələr, biz ona tabe olmalıyıq.

Ruslan Sadıqov