13:33 12-06-2020
news_image
300
FUTBOL

Premyer Liqamızın görünməyən Sabahı

Avropanın bir çox ölkələrində futbolun bərpası bir ara Azərbaycan Premyer Liqasına da ümid işığı saldı.

Ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası səbəbindən həftəsonları tətbiq etdiyi ən sərt karantin rejimi buna inamı yenidən azaltdı.

Bəli, əksər ölkələr çempionatı bərpa etdi, bəziləri də buna hazırlaşır. Onların çoxu teleyayımdan gələn milyonlarla pulu itirməmək üçün bu addıma əl atdılar. Üstəlik, klubları artıq xeyli müddətdir məşq də edirlər. Belədə çempionatı keçirmək xatirinə də olsa meydana çıxmaq məcburiyyətindədirlər.

İndi bir Azərbaycan çempionatıdır ki, qeyri-müəyyənlik hələ də davam edir. Bu isə futbol sahəsində çalışanlar – klublar, AFFA-dakılar, PFL-dəkilər, jurnalistlər ictimaiyyət arasında fikir mübadiləsinin “doza”sını mübahisə həddinə gətirib çıxarıb. Xüsusən də, media nümayəndələri çempionatın bərpasının tərəfdarıdır.

Apasport.az saytı olaraq biz də Premyer Liqanın idman prinsipləri ilə başa çatmasını istəyirik. Ancaq normal şərtlər altında. Məsələn, “ikigünlük qadağaya baxmayaraq, yenə də keçirək” deyənlər də var. İdmanın şahı olan futbolu hamımız sevirik. Amma reallığı da nəzərə almaq lazımdır. Hökumət deyir ki, həftənin 2 günündə evdən çıxa bilməzsən. Belədə klublar üçün həftə 5 günə düşür. Təqvim sıxlığını da nəzərə alsaq, həftədə iki oyun keçirməklə avqusta qədər çempionatı bitirmək mümkündür. İndi siz düşünün, 5 gün ərzində 3 məşq və 2 oyun keçirmək hansı peşəkarlığa sığır? İki gün evdə yatırsan, sonra uzağı bir gün məşq edib oyuna çıxırsan. Bu, peşəkar klubların yox, məhlə uşaqlarının proqramına daha çox uyğun gəlir.

Maraqlısı ondadır ki, heç klublar çempionatın bərpasında media qədər maraqlı deyillər. Çünki müqaviləsi bitən oyunçuları mövsümün sonuna qədər saxlamaq əlavə xərc deməkdir. Bir tək “Sabah”dır ki, iki ayağını bir başmağa salıb, “davam, davam” deyir. Niyə 4-cü yerdəki “Sumqayıt”la eyni sayda xal toplayan, kubokda yarımfinalda olan “Zirə” yox, məhz “Sabah”? Elə bilməyin ki, “Sabah” rəhbərliyi futbolun bu qədər aşiqi olduğu üçün inadkarlıq edir. Sadəcə, sponsor kluba o boyda pul yatırıb, transferlər üçün böyük məbləğlər xərcləyib, indi avrokuboka düşməyi tələb edir. Rəhbərliyin də qorxusu odur ki, Avropa Liqasına vəsiqə qazanmasalar, büdcə azaldıla bilər. Görünür artıq mövsümün əvvəlindən sponsora böyük vədlər verilib.

Maraqlıdır, “Sabah” rəhbərliyi necə əmindir ki, çempionat bərpa olunsa, avrokuboka gedəcək? Premyer Liqanın, demək olar ki, 3/4 hissəsi geridə qalıb və bu klub hazırda 6-cı yerdədir. Belə iddialı komanda idisə, 20 turdan sonra ən azı ilk “üçlük”də olardı. Onların mövsümü son pillədə bitirməyəcəyinə kim zəmanət verir? Ən azından “Qarabağ”la yoxlama görüşündə hansı səviyyədə olduqları göründü. Ağdam təmsilçisi komandanın bu gününə də, sabahına da “5” verdi.

Plana əsasən, iyunun 21-də mövsüm bərpa olunmalıdır. Koronavirus xəstəliyinin ölkədə artdığı bir dönəmdə, onsuz da, həvəskar səviyyədə olan çempionat üçün insanların sağlamlığını risk altına atmaq ağılsızlıq deyilmi? Üstəlik, futbolçuların yoxlama görüşlərindəki davranışlarından da görünür ki, gigiyenik qaydalara tam əməl etmirlər. Allah eləməsin, birində bu xəstəliyin olması digərlərini, onların ailələrini, yaxınlarını artıq təhlükə altına atır.

Lap deyək ki, virusa yoluxan olmadı. 3 ay məşq etməyən bir futbolçudan həftədə 3 məşq və 2 oyun tələb edirik. Özü də Azərbaycanda. Buna heç ingilislər, ispanlar tab gətirə bilməzlər. Bu, futbolçuların karyeralarını qoyaq bir kənara, sağlamlıqları ilə oynamaqdır.

P.S. Bəlkə çempionatları bərpa olunan ölkələrə fransız qalaq...