16:01 12-06-2020
news_image
407
FUTBOL

“AFFA kefi necə istəsə, o cür də qərar verəcək” - Novruz Əzimov

“Həftəsonu qadağalarına baxmayaraq, hesab edirəm ki, çempionatı bərpa etmək mümkündür”.

Bunu apasport.az saytına veteran futbolçu Novruz Əzimov deyib.

Bakının sabiq baş məşqçisinin fikrincə, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonları ən sərt karantin rejimini tətbiq etməsinə baxmayaraq, Azərbaycan Premyer Liqasını planlaşdırılan tarixdə bərpa etmək olar: “Düzdür, çətinlikləri var. Buna rəğmən istəsələr, qalan oyunları keçirə bilərlər. Bunun heç bir qorxusu ola da bilməz. Müəyyən gigiyenik qaydalar var ki, onsuz da, onlara əməl olunur. Hər şey AFFA-nın əlindədir, kefləri necə istəsə, o cür də qərar verəcəklər. Bizim nəsə deməyimizin bir önəmi yoxdur”. 

Əzimov yaranmış vəziyyətlə əlaqədar növbəti mövsüm komanda sayının 8-də qalması qərarına da münasibət bildirib. O, əvvəlcədən planlaşdırıldığı kimi, “Turan Tovuz” və “Kəpəz”in elitada iştirakının AFFA-ya problem yaradacağına inanmır: “10 komandalı çempionat üçün AFFA-nın lazımi vəsaiti var. Qurum istəsə, növbəti mövsüm komanda sayını 10-a yüksəldə bilər. Bunun üçün istək olmalıdır. Yəqin fikirləşirlər ki, büdcə azdır, komanda sayını artırmayaq. Amma məncə, lazım olan qədər vəsait var. Elə bir çətinliyi olmamalıdır. AFFA bir neçə komandanı maliyyələşdirir. Üstəlik, lazımsız mütəxəssisləri burada saxlayıb. AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik, milli komandalarının baş həkimi Vyaçeslav Xomenko, AFFA-nın Texniki direktoru Bernhard Lipperti göndərmək, yığmaya yerli məşqçi təyin etmək lazımdır. Belədə büdcədən milyonlar çıxmaz, çempionatı da 10 komanda ilə təşkil etmək olar”.

Qeyd edək ki, XX turdan sonra martın 13-də dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpası planlaşdırılır.