20:55 13-06-2020
news_image
312
FUTBOL

“Neftçi”dən əzmkar qələbə - YENİLƏNİB

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Azərbaycan Premyer Liqasının bərpa olunacaq hissəsinə hazırlaşan “Neftçi” və “Qəbələ” yoxlama oyununda üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, fasiləyə iyunun 10-da baş tutan ilk yoxlama görüşləri ilə son qoyan komandalar “Bakcell Arena”da qarşılaşıb.

Paytaxtdakı matç meydan sahiblərinin üstünlüyü ilə keçsə də, hesabı əyalət təmsilçisi açıb. Çempionatın autsayderi Premyer Liqada 2-ci pillədə qərarlaşan "ağ-qaralar"ı Rövlan Muradovun qolu ilə məyus edib.

Lakin bakılılar fasiləyədək “status-kvo”nu bərpa edib. Mirabdulla Abbasov qonaqların qapısına yol tapıb.

Oyunun fasiləsində hər iki komandanın heyətində dəyişikliklər baş verib. İkinci yarı əsasən qarşılıqlı hücumlarla keçib. 63-cü dəqiqədə Dario Frederiko paytaxt klubunu hesabda önə çıxarıb. Bu top ölkənin ən titullu komandasına əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, bu komandaların ilk yoxlama görüşündə eyni sayda – 4 qol vurulub. "Neftçi" "Keşlə"yə 3:1 hesabı ilə qalib gəlibsə, "Qəbələ" "Sumqayıt"la heç-heçə edib – 2:2.

Yoxlama görüşü
13 iyun
19:00. “Neftçi” - “Qəbələ” – 2:1

Mirabdulla Abbasov, 41, Dario Frederiko, 63 – Rövlan Muradov, 26
"Bakcell Arena”