14:37 14-06-2020
news_image
3318
STOLÜSTÜ OYUNLAR

“Rauf Müslum Maqomayev kimi oxuyursa, Məmmədyarovun vokal göstəriciləri zəifdir” - Kirill Zanqelis

Şahmat meneceri Kirill Zanqelis məşhur qrossmeysterlərlə bağlı yazılar silsiləsini davam etdirir.

Apasport.az saytının məlumatına görə, şahmat sahəsində müxtəlif vəzifələrdə çalışmış rusiyalı yenə Azərbaycan təmsilçisi barədə yazıb.

Bir müddət öncə Rauf Məmmədov barədə fikirlərini qələmə alan Zangelis bu dəfə Şəhriyar Məmmədyarova yer verib. Rusiyalının yazısını olduğu kimi təqdim edirik:

“Bu, unikal insandır, hər şeydə unikaldır. Mən ilk dəfə onun barəsində 2011-ci ildə İddiaçılar matçında eşitdim. Sonra 2013-cü ildə Mixail Talın xatirəsinə həsr olunan turnirdə gördüm. Əsl tanışlığımız isə 2014-cü ildə İddiaçılar Turnirində gerçəkləşdi. 
Xantı-Mansiysk. 2014-cü ilin martı. Mən bu turnirdə dünyanın ən güclü qrossmeysterlərindən biri olan Məmmədyarovun məşqçilər korpusu – Saşa Xalifman, Rauf Məmmədov, Eltac Səfərli ilə çox güclü dostlaşdığım barədə danışmışdım. Amma bu uşaqları əvvəldə necə isə tanıyırdımsa, qeyri-rəsmi Şah adlandırılan şahmatçı ilə ilk dəfə tanış oldun. Biz “Tarey” otelinin bar dirəyi arxasında ikimiz idik. Məmmədyarov Volodya Kramnikə mövqeyini yenicə uduzmuşdu. Hərçənd həmin görüşdə nəinki heç-heçə etməli, hətta qalib gəlməli idi. Bu, qrossmeyster üçün ciddi zərbədir, özü də belə turnirdə. Bu, azarkeşlərə elə gələ bilər ki, bir qarşılaşmada uduzmaq sadəcə məğlubiyyətdir. Amma az adam bilir ki, 14-cü dünya çempionu ilə görüşdə qalib vəziyyət əldə etmək, sonra üstünlüyü əldən vermək və ən yekunda uduzmaq şahmatçıya nəyin bahasına başa gəlir.

Gecə saat üç idi. Bizdən başqa yalnız yarımyuxulu barmen var idi. Şəhriyar buzlu viski sifariş edib, siqareti dartır və halqalarla tüstü buraxırdı. Şah heç vaxt alkoqoldan çox yararlanmayıb, çəkməyi də adətən bayramlarda qəlyana üstünlük verib. Amma indi buxarını buraxmaq lazım idi.
- Qardaş, elə məyusam ki – deyə ah çəkdi – Mən bu turnirə elə hazırlaşırdım, hiss edirdim ki, birinci yer uğrunda mübarizə apara bilərəm. Amma belə dəhşətli start. Ardıcıl iki məğlubiyyətdən sonra kuraj tutub iki qələbə qazandım. Bu gün də udsaydım irəli gedəcəkdim. Axı hələ 6 tur var. Anandın arxasına düşə bilərdim (sonda qalib olan Vişvinatan Anand Maqnus Karlsenlə görüşə vəsiqə qazanıb).
Şəhriyar mənə uşaqlığı barədə uzun-uzadı danışdı.

Bir neçə ildən sonra onun atası Həmidlə tanış oldum. Bu, mehriban, düzgün adamdır. Hər şeyi öz əlləri, öz zəhməti ilə etməyə alışıb. Mən onların Sumqayıtdakı evini belə görürəm: Kiçik Şəhriyar və onun bacıları, uşaqların ciddi şəkildə şahmat öyrənməsi üçün vaxt tapan atası. Başa düşürəm, Həmid əmiyə hansı güc və əmək lazım olub ki, uşaqları balaca şəhərdən üzə çıxsınlar və ciddi məşqçilərin diqqətini cəlb etsinlər.

Məmmədyarova bakılılar Teymur Rəcəbov və Vüqar Həşimovla rəqabət aparmaq asan olmayıb. Amma o əzmlə hədəfə doğru gedib. İldən-ilə ingilis və rus dillərində də inkişaf edib. Axı oğlanın doğma dili Azərbaycan dili olub və məktəbdə də bu bölmədə təhsil alıb. Lakin iştirak etdiyim mətbuat konfranslarında (2013-cü ildə Talın xatirəsinə həsr olunan turnir) danışdığı cəsarət onun israrlı və döyüşkən xarakterini göstərir:

- Bilirsən, Veyk-an-Zeedə belə hadisə olmuşdu – onda qrossmeyster mənə danışırdı – 2004-cü ildə Kramnik – Topalov matçındakı məşhur “tualet qalmaqalı”ndan sonra Topanın meneceri Danailov Volodyanı tez-tez ayaqyoluna getməkdə ittiham etmişdi ki, kompüterin köməyindən yararlanır. Bir dəfə mətbuat konfransında ingiliscə mənə sual verir. Yanımda da tərcüməçi yoxdur. Amma özümü ağıllı göstərib diqqətlə qulaq asıram. 5 dəqiqəlik sualdan yalnız “toilet” sözünü başa düşürəm. Cavab vermək vaxtı çatdı. Mən özümü toparlayıb cavab verirəm: “Bəli, turnirlərin keçirildiyi binalarda ayaqyolları təmiz və komfortludur”. Aydın məsələdir ki, hamı gülməkdən yerə sərildi.

Bax, Şah budur. O, mehribandır. Dostluq illərində onunla hansı macəralar yaşamamışıq ki? Amma biz hələ yeni tanış olurduq. Mən ona öz Daşkənd uşaqlığımdan, Yunanıstana mühacirlikdən danışdım. O da mənə necə asan olmadığından bəhs etdi. Bir ifadəsini həmişəlik xatırlayacam.
- Bilirsən, Kirill – Məmmədyarov viskini uzadaraq dedi – Sən bizim oğlansan. Sən mənim kimi, Rauf kimisən – sadəsən, səndə belə “pont”lar yoxdur. Mən bəzən özlərini digərlərindən üstün tutan insanlara təəccüblənirəm. Axı bizdən gerçək, kənd iyi gəlir. Üzərimizə nə qədər bahalı parfüm töksək də, biz başqa cür ola bilmərik, heç lazım da deyil.

Prinsipcə, Şahın nədən danışdığını başa düşürdüm. Azərbaycanda o uzun müddət əbədi ikinci olub. Onun komanda yoldaşı, mənə yaxşı tanış olan zəka sahibi Teymur Rəcəbov artıq 15 yaşında Linares superturnirində dünya reytinqinin bir nömrəsi, əfsanə Harri Kasparova qalib gəlib. Əlbəttə, bundan sonra o, sadəcə respublikanın milli qəhrəmanı oldu. Azərbaycan iki dəfə Avropa çempionatında qalib gələndə də yığmada da haqlı olaraq birinci lövhədə oynayırdı. Xatırlayıram, İstanbuldakı Olimpiadada Timanın reytinqi sehrli 2799,9-da dayandı. Amma Rəcəbov öz karyerası ərzində elit 2800-ü hələ də adlaya bilməyib. Mən Şahı gözəl başa düşürəm. Onun iddialarında, onun hücum üslubunda, kombinasiyalı oyununda zirvəyə qalxmağı çox istəyirdi. O, fanatikcə çalışmağa davam edirdi. Uğurlar da özünü çox gözlətmədi.

- Bizə daha iki dabl varın, zəhmət olmasa - Şah portmanatını açdı. Azərbaycan səxavəti həmişə onun üçün prioritet olub – Bax çoxları indi bizi mühakimə edərdi. Məni turnirdə içdiyimə görə, səni isə Karyakin deyil, onun birbaşa rəqibi ilə əyləşdiyinə görə. Amma mən deyirəm ki, hərə özünə nəzarət etməlidir. Kramniklə oyundan sonra mənə yatmaq çətin olacaq. Amma xarakterimə bələdəm. Növbəti görüşlərdə qalib gələcəyəm. Təəssüf ki, Xantıda artıq gecdir və karaokeyə getmək olmaz. Yoxsa ki, sevimli mahnımı “Queen”in ifa etdiyi “We Are The Сhampions”u oxuyardım.

Bəli, biz Rauf və Şahla tez-tez karaokeyə gedirik. Əgər Rauf Müslum Maqomayev kimi oxuyursa, Məmmədyarovun vokal göstəriciləri zəifdir. Buna baxmayaraq, o, heç vaxt kompleks yaşamır və karaokedə oxumağa ən çətin müğənnilərdən biri olan Freddini ifa etməyə çalışır.

Səhərə yaxın ayrıldıq. Məmmədyarov ertəsi gün Andreykinlə erkən heç-heçəyə imza atdı. Bir sutka sonra Levon Aronyanı darmadağın etdi. Yenidən yükləndi. Düzdür, həmin turnirdə Ananda bərabər rəqib olmadı. İkinci mükafatçı Sergey Karyakini də qabağa buraxmadı. Məmmədyarov isə fəxri üçüncü yeri bölüşdü.

Bakı, 2015-ci ilin oktyabrı. Bu ilyarım ərzində biz Şahla çox dostlaşdıq. Yeri gəlmişkən, o, özünü təkcə dost deyil, həmkar kimi də düzgün olduğunu göstərdi. Mənə yaxşı turnir təkliflərinə görə faiz vəd edib, vasitəçiliyimlə Soçidə təşkil olunan Talın xatirəsinə həsr edilmiş sürətli şahmat yarışına qatıldı. Turnirin sonuncu iştirakçısı, xaricdən yeganə dəvətli idi. Yoldaşım Mark Qluxovski daha bir güclü şahmatçının olmamasından qayğılı olduğu vaxtda Məmmədyarovun gəlməsini həll etdik. Soçiyə Moskvadan eyni reyslə uçduq. İki gün sonra Məmmədyarov bir sıra məşhur sürətli şahmat ulduzlarını qabaqlayaraq kuboku başı üzərinə qaldırdı. Sanballı pul mükafatını alan Şah mənə çatacaq faizi dərhal verdi. Xoşbəxtlikdən əməkdaşlığımız bununla məhdudlaşmadı.

Karyakin 1/4 finalında Məmmədyarovu məğlub etdiyi Dünya Kubokunu qazananda Şahla birlikdə Sergeyə İddiaçılar turnirində köməkçisi olmaqla bağlı xidmətlərimizi təklif etdik. Bu, dostluğumuzu daha da möhkəmlətdi.

Karyakin də bu ağır yarışda sensasiyalı şəkildə qalib gəldi. Həmişə də deyirdi ki, məhz Azərbaycan qrossmeysterinin köməyi onun hazırlığında həlledici olub. Mənə elə gəlir ki, Sergeylə toplanışlardan sonra Məmmədyarov özü də tam potensialını açdı.

2016-18-ci illərdə Şəhriyar karyerasının pik dövrünü yaşadı. O, Qran-Pri seriyasında qalib gəlməklə parlaq üslubda İddiaçılar turnirinə yüksəldi. Ardıcıl iki dəfə Şəmkir superturnirində qalib oldu və bir çox müxtəlif forumlarda qələbə qazandı. 2018-ci ilin sentyabrında karyerasının ən yüksək reytinqinə (2820) nail olaraq dünyanın ikincisi oldu. Yığmada artıq etibarlı və möhkəm şəkildə birinci lövhədə oynayır. Bakıdakı Olimpiada zamanı bütün şəhər milli qəhrəmanın şəhəri hər 100 metrdən bir bəzəyən şəkillərindən zövq alırdı.

Berlin, 2018-ci martın 27-si.
Hadisələrin müəyyən axarında Məmmədyarov özünün ən böyük zirvəsini fəth edə bilərdi. O, İddiaçılar Turnirində yalnız güclü Fab Karuananı önə buraxaraq ikinci oldu. Şah dostu və rəqibi Karyakinlə eyni xala malik oldu. Amma bu ümumi uğur üçün yetərli deyildi. Azərbaycanlı bağlanış mərasimində də gümrah idi. Mən son iki tura gəlmişdim və çox dəhşətli dərəcədə məyus oldum. Bu, həm Sergey, həm Şəhriyar üçün böyük şans idi. Amma idman elə idmandır. Onda mən onun atası Həmin əminin Şəmkirdə dediyi sözlərini xatırladım.

- Həmişə Şaha güclü olmağı öyrətmişəm – çempionun atasının baxışı mehriban, eyni zamanda sərt idi – Hər şeydən öncə onda kişi, insan, sonra şahmatçı tərbiyələndirmişəm. Oğlum öz səyləri və işimə sevgisi ilə sübut etdi ki, çox şeyə nail olmaq mümkündür. Əgər sən yıxılmısansa və sənin gücün yoxdursa, heç nəyə baxmadan qalxmaq lazımdır. Bütün dünya ona baxdığı vaxt uşağın üçün həyəcan keçirmək – bu çox çətindir. Amma daha çətini taleyin zərbələrini qəbul etməkdir. Oğlumun enişləri və üzücü məğlubiyyətləri çox olub. Amma bunlardan sonra o daha da təcrübəli və idman baxımından qəzəbli olub.
- Kirill, hər şey yaxşı olacaq – Şah dostcasına məni qucaqladı.
– Aha, sənin yeni parfümün var – bərkdən güldü - Made in Tashkent?
- Afərin sənə qardaş, belə anda bu durumdasan – yoldaşımın əlini möhkəm sıxdım – Dayana bilirsən?
- Hara gedəcəyəm – Məmmədyarov bir az məyus oldu – Həyat bitmir. Bu yaxşı döyüş idi. Təəssüf ki, nə mən, nə Sergey bacarmadıq. Yoxsa ki, mən yenidən sizə Karlsenlə mübarizədə kömək edəcəkdim.
- Ya da Sergey sənə - mən gülümsədim.

Berlində də karaoke olmadı. Həmin gün qələbə mahnıları oxumaq da istənilməzdi. Amma mən radioda “We Are The Сhampions”u eşidəndə həmişə bu açıq və qorxusuz oğlanı xatırlayıram. Nədənsə mənə elə gəlir ki, onun qoca Freddinin mahnısını öz şərəfini ifa etməyə xüsusi səbəbi olacaq”.