13:09 15-06-2020
news_image
423
FUTBOL

17 əcnəbi və ya uğursuz 2 il - "Sabah"ın transfer siyasəti

Azərbaycanda yeni yaradılan komanda adətən Premyer Liqaya "qazlı" başlayır.

Apasport.az saytının məlumatına görə, bu qəbildən olan son klub "Sabah"dır.

Cəmi 2 mövsümdür elitada çıxış edən paytaxt təmsilçisi bu müddətdə artıq kifayət qədər səs-küylü transferlər reallaşdıra bilib. Doğrudur, komanda nə ötən, nə də cari mövsüm transferlərə xərclənən yüz minlərin qarşılığını oyunu ilə qarşılaya bilib.

Keçən mövsüm Premyer Liqada debüt edən "Sabah" elitaya tam yenilənmiş heyətlə başladı. 2018-ci ilin yayında heyətə düz 25 oyunçu cəlb olundu. Rəhbərliyin ilk səhvi Arif Əsədovla yollarını ayırıb, baş məşqçi postuna Elşad Əhmədovu gətirmək oldu. İkinci il hələ tamam olmayıb, amma həmin 25 nəfərdən cəmi 6-sı hazırda bakılılardadır. Bunlar Məqsəd İsayev, Kərim Diniyev, Vadim Abdullayev, Filip İvanoviç, Cavid İmamverdiyev və Saşa Stamenkoviçdir. Digərlərinin bəziləri qış fasiləsində, bəziləri isə mövsümün sonunda yola salındı. Debüt ilində kollektivə cəlb edilən əcnəbilərdən Vitali Kvaşuk cəmi 6 ay, Vanderson Silva və Erik Ramos 1 il tab gətirdilərsə, Miloş Boşançiç mövsüm başa çatmamış yola salındı.

Ötən ilin əvvəlində əsasən heyətdə təmizləmə işləri aparmaqla məşğul olan "Sabah" mövsüm başa çatan kimi, həm eyni prosesi davam etdirdi, həm də yeni heyət yığmağa başladı. Rəhbərlik bu dəfə qabaqcıl yerli futbolçularla xeyli güclənmiş oldu. Bu baxımdan Ruslan Abışov, Bəhlul Mustafazadə və Ozan Can Kökçünün keçidi diqqətçəkən oldu. Həmçinin Cavid Tağıyev və Məhəmməd Mirzəbəyova da yenidən əvvəlki formasını yığmaq imkanı verildi. Bakılılar həmçinin 6 əcnəbi transferi ilə də cari mövsümə iddialı başladılar. Ancaq onlardan 2-si - Rocer Roxas və Hendrik Ekşteynin "Sabah" macərası 6 ay çəkdi.

Ötən ilin yayında yola salınan bombardir Marko Deviç yeni baş məşqçi Jelko Sopiçin də müsbət rəyi ilə geri qaytarıldı. Lakin ukraynalı veteran mövsüm başa çatmamış karyerasını bitirdiyini elan etdi. Kevin Kubemba komandaya gələndən zədəsini sağaltmaqla məşğuldur. Amadu Diallo və Ulisse Diallonun səviyyəsi də yerlilərdən fərqlənmir.

"Sabah" Premyer Liqada keçirdiyi ilk iki mövsümündə ümumilikdə 17 əcnəbi futbolçu transfer edib ki, onlardan 7-ni artıq yola salıb. Hazırda heyətdə yer alan 10 əcnəbidən yalnız ikisi - Filip İvanoviç və Saşa Stamenkoviç elitadakı ilk mövsümündən bakılıların heyətindədir.

2019/20 mövsümü hələ başa çatmayıb, amma "Sabah" transfer bazarında yenə fəallıq nümayiş etdirir. Paytaxt klubu hələlik "Qəbələ" Akademiyasının yetişdirdiyi gəncləri heyətə cəlb edərək, gələcək üçün sərmayə qoyur. 

Yəqin ki, Jelko Sopiç də mövsümün sonunda "bu mənim yığdığım komanda deyil" deyəcək və yerli-əcnəbi ayrılıqları yaşanacaq.