15:28 17-06-2020
news_image
81
FUTBOL

Çempionlar Liqasının həlledici oyunlarının günü açıqlandı

Çempionlar Liqasının (ÇL) cari mövsümün təqvimi müəyyənləşib.

Apasport.az saytının Böyük Britaniya mətbuatına istinadən məlumatına görə, UEFA 1/4 final mərhələsindən etibarən qarşılaşmaların Portuqaliyada keçirilməsini qərara alıb.

İlk olaraq avqustun 7-9-u aralığında 1/8 finalın cavab görüşləri çərçivəsində son 4 oyun (“Barselona” – “Napoli”, “Mançester Siti” – “Real”, “Bavariya” – “Çelsi”, “Yuventus” – “Lion”) azarkeşsiz keçiriləcək. Koronavirus pandemiyası səbəbindən 1/4 finaldan etibarən cütlüklərin qalibləri bir oyunla müəyyənləşəcək. Matçlar Lissabonla yanaşı, Porto və adı hələlik açıqlanmayan üçüncü şəhərdə baş tutacaq. 12-15 avqustda 1/4 final, 18-19 avqustda isə yarımfinal oyunları olacaq. Həlledici görüş avqustun 23-də “Benfika”ya məxsus “Da Luj” stadionda keçiriləcək.

UEFA Avropa Liqası (AL) ilə bağlı da buna bənzər təqvim hazırlayıb. İkinci dərəcəli klub turnirinin matçları ilə Almaniyada gerçəkləşəcək.

ÇL və AL-lə bağlı qərarlar bu gün keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək.