16:20 17-06-2020
news_image
483
FUTBOL

“Avrokuboka gedənləri razılaşdırıb, futbolçuları riskə atmaya bilərlər” – Sadıqovdan təklif

“Pandemiya şərtlərinə uyğun çempionat oyunlarını keçirmək olar. Amma belədə virusa yoluxma təhlükəsi artar”.

Bunu apasport.az saytına “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasının bərpasının mümkünlüyü barədə danışarkən deyib.

Hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsini icra edən Sadıqov futbol üzrə ölkə çempionatının qaldığı yerdən davam etdirilməsinin çətin olacağını düşünür: “Hər hansı bir təhlükə olmasaydı, Premyer Liqanı tamamlamaq olardı. Ancaq futbol kollektiv idman növüdür və ən azı 45-50 nəfər bir-biri ilə təmasda olur. Söhbət təkcə futbolçulardan getmir. Bunun texniki heyəti, məşqçiləri, inzibatçıları, təlimatçıları da var. Hansısa komanda oyuna gedəndə 50-yə yaxın adam bir araya gəlir. Xəstəlik isə kimin idmançı, kimin başqa peşə sahibi olmasına baxmır. Digər idman növlərini dayandırıblarsa, niyə futbolu da saxlamayıb özlərini riskə atsınlar? Onsuz da, “Qarabağ”ın, “Neftçi”nin və “Keşlə”nin yeri bəllidir. Bu baxımdan mövsümü erkən bitirmək olar. Kimin Çempionlar Liqasına, kimlərin Avropa Liqasına gedəcəyini razılaşdırıb, müəyyən edə, futbolçuları riskə atmaya bilərlər”.

Sadıq Sadıqov hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonları tətbiq etdiyi ən sərt karantin rejiminin davamı Premyer Liqanın bərpa şansını minimuma endirir: “Operativ Qərargahın qadağası fonunda çempionatın bərpası real görünmür. Çünki komandalar 3 ay məşq etməyiblər, yalnız son 10-15 gündür buna icazə verilib. Klublar adətən qış və yay fasilələrində təlim-məşq toplanışı üçün Türkiyə və ya Avstriya kimi ölkələrə gedirdilər. Nəzərə alaq ki, idmançılar çəki artırmağa meylli olurlar. Bir az məşqdən kənarda qalanda kökəlirlər. Əvvəlki durumu da 3-4 günə bərpa etmək mümkün deyil. İki yoxlama görüşü ilə ümumi fiziki hazırlığı düzəltmək olmaz. Komandaların formaya düşmələri üçün ən azı bir ay vaxt lazımdır. Düzdür, havanın isti olması ciddi problem deyil, oyunu axşam saatlarına salmaq olar. Amma həftənin 5 günündə 2 oyun keçirmək çox çətindir. Komandaların heyətlərində məhdud sayda oyunçu yer alır. Eləsi var ki, heç tam heyətlə mübarizə apara bilmir. Bir komandada 50 futbolçu olsa, o zaman hamısına şans verməklə həftədə 2 oyun keçirmək olar. Belədə əlavə yüklənmə də olmaz. Futbol çox ağır idman növüdür. Ümumi fiziki hazırlıq qaydasında olmasa, meydançada hər şey baş verə bilər”.

Qeyd edək ki, XX turdan sonra – martın 13-də dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpası planlaşdırılır. AFFA İcraiyyə Komitəsinin sabah baş tutacaq iclasında bununla bağlı yekun qərar veriləcək.