17:35 17-06-2020
news_image
244
FUTBOL

Şefin zərbəsini qaytardığı üçün Azərbaycan yığmasında oynadı – özü açıqladı

“Karyeramda yalnız bir arzum həyata keçmədi – Olimpiya Oyunları. Özümə təsəlli verə bilərəm ki, futzalın olimpiya növü olmamasının günahkarı deyiləm”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin sabiq qapıçısı Andrey Tveryankin deyib.

Yığmamızın heyətində Avropa çempionatının yarımfinalçısı, “Araz”la UEFA kubokunun bürünc mükafatçısı olan veteran Rusiyada verdiyi müsahibədə ölkəmizə gəlişindən danışıb: “UEFA kubokuna getmişəm, Avropa çempionatının yarımfinalında oynamışam. Mən razıyam. Azərbaycan mənə sevincin son anlarını, elə notlar verdi ki, karyeranı bitirmək üçün yetərli idi. Onlara sonradan özüm dedim ki, Azərbaycan köklərim var. Mənə “Kaspi” klubu vasitəsilə çıxdılar. Bu komanda ilə turnirdə oynamaq üçün ora getmişdim. Onlar qapıçının yoxluğundan şikayətlənirdi. Belə vəziyyətdə heç bir millidə oynamadığımdan məni sınadılar. Dedilər qapıda dayan, ayaqqabı və qalstukda şef gəldi, topa doğru qaçmağa başladı. Elə bildim zarafatdır. Amma gördüm heç kim gülmür. Zərbəni qaytardım. Dedilər ki, bizə uyğun gəlirsən. Bununla da əvvəl kluba, sonra yığmaya düşdüm. Şikayətlənmirəm, Azərbaycanda əla vaxt keçirdik”.

Tveryankin bu idman növünün ölkəmizdəki durumundan da bəhs edib: “Azərbaycanda futzalın səviyyəsi zəifdir. İndi ümumiyyətlə fəlakətdir – pul yoxdur. O vaxt braziliyalılar xilas edirdi. Əsas heyətdə onlar oynayırdılar. Yerlilərdən yalnız bir-ikisi çıxırdı. Ehtiyatda da bir o qədər. Metroda bizimlə şəkil çəkdirirdilər. Yadımdadır, bizim ruslardan biri gəlmişdi, necə olduğunu soruşurdu. Ərzaq almağa gedəndə biri yaxınlaşdı ki, şəkil çəkdirək. Sonra ona deyirəm ki, görürsən də bura necədir? Düzdür, ərzağı hamı kimi mənə də pulsuz vermirdilər. Amma bir dəfə güzəştdən yararlandım. Yoldaşımın ad gününə gül almaq üçün Moskvada Kiyev vağzalına getmişdim. Nə isə anlaşılmaz bir şey verdilər. Dedim: “Siz özünüzünkünə niyə bunu satırsınız? Mən ki, Azərbaycan yığmasında oynayıram. Niyə zibili sırıyırsınız?”. Endirim etdilər”.

Sabiq qapıçı yollarda avtomobillərin idarə olunmasından da narazı qaldığını söyləyib: “Avtomobilləri türklər kimi necə gəldi idarə edirlər. Qaydaları poza bilərlər. Amma həyatlarında da qırmızı işığı keçməzlər. Sarı işıq yanan kimi dayanırlar”.

Milliləşən legioner karyerasının ən üzücü oyununun AVRO-2010-da baş tutduğunu açıqlayıb: “Avropa çempionatının yarımfinalında Portuqaliyaya penaltilərlə uduzduq. Bu karyeramın ən üzücü oyunu idi. Əgər yenidən oynanılmasını istədiyimi bir oyun varsa, bu da həmin görüşdür. Növbəti çempionatda Serbiyaya 8:9 hesabı ilə uduzub qrupda qalmağımız da məyusluq gətirdi. Məni iki sarıya görə meydandan da qovdular və zalı tərk etməyi xahiş etdilər. Hətta tamaşaçı kimi də otura bilməzdim. Azərbaycanı pula görə tərk etdim. Maliyyə ilə bağlı problemlər başladı. Mən də KPRF-a getdim”.

Tveryankin Azərbaycan – Rusiya matçlarını da xatırlayıb: “Klubumda o qədər legioner var idi ki, məni rusiyalı kimi sifariş etmək istəyirdilər. Mən Azərbaycan yığmasında oynasaydım diskvalifikasiya olacaqdım. Azərbaycan təmsilçisi kimi isə limitə görə kənarda qalacaqdım. Millidən imtina etmək istəmirdim. Tərslikdən də seçmə mərhələnin pley-offunda Azərbaycanla Rusiya rəqib oldu. Rusiya assosiasiyasının prezidenti Emil Əliyev zəng vurub deyir ki, Andrey bu qarşılaşmaya necə yanaşır? Müsbət, məmnuniyyətlə cavabından sonra yenidən zəng vurur ki, Azərbaycanın formasını geyinsən diskvalifikasiya olunacaq. Bir matça görə risk etmədim və bir daha yığmada oynamadım. Amma ikinci vətəndaşlığım qalıb”.