09:25 18-06-2020
news_image
456
FUTBOL

AFFA-ya təklif: Mövsümə kubokla nöqtə qoyaq!

Bu gün keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin videokonfransında koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün taleyinə aydınlıq gəlməlidir.

Apasport.az saytı indiki kritik durumu dəyərləndirərək ən optimal variantı təklif edir.

Konfransa qədər vaxtı olan komitə üzvləri bu təkliflə tanış olub, öz aralarında müzakirələr apara, qərar da verə bilər.

Premyer Liqanın bərpa şansı qalmadı
Yarışların təşkilatçısı olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də bir neçə gün öncə açıqlayıb ki, əgər avrokubok iştirakçılarının müəyyənləşməsi üçün qoyulan son tarix uzadılmasa, çempionatı sonadək bərpa etmək mümkün olmayacaq. Əslində, qurum başçısının bunu deməsəydi də, hər şey gün kimi aydın idi. Düzdür, son 8 turun təqvimi də tərtib olunub. Lakin gündə yüzlərlə insanın koronavirusa yoluxduğu, karantin rejiminin tətbiq olunduğu günlərdə bu qarşılaşmaların keçirilməsi mümkünsüz görünür. 

Birincisi və ən önəmlisi, futbolçular, məşqçilər, hakimlər və stadionda olacaq digər şəxslərin sağlamlığı hər şeydən öndədir. Onların sağlamlığı ilə risk etmək olmaz. İkincisi, əgər AFFA və PFL bu riskli addımı atsa belə vaxt məhduddur. Həftəsonlarına tətbiq olunmuş sərt karantin rejiminin yenidən – çempionatın sonunadək aktivləşdirilməsi hər şeyi alt-üst edəcək. Bu həftə, ya qarşıdakı həftələrdə belə addım atılsa, çempionat yenidən dayanacaq. Başlayıb, sonradan dayanmaq isə biabırçılıq olar. Ona görə elə indidən hər şeyə açıq gözlə baxmaq, duyğulara deyil, məntiqə söykənərək düzgün qərar verməklə mövsümü bitirmək zamanıdır. Üçüncüsü, indiki karantin rejimində Bakıdan giriş-çıxışa qadağa var. Belə vəziyyətdə Qəbələdəki oyunların keçirilməsi və əyalət təmsilçisinin gedib-gəlməsi də qanunlar çərçivəsində mümkünsüzdür.

Hər şey aydındırsa...
Premyer Liqada son 8 turun böyük önəmi də qalmayıb. Böyük üstünlüklə rəqiblərini qabaqlayan “Qarabağ”ın çempionluğuna çətin ki, şübhə edən tapılsın. Elə “Neftçi”nin ikinci, “Keşlə”nin üçüncü yeri tutmasına da etiraz edən olmayacaq. Son illər autsayderin aşağı liqaya düşməməsi, I divizionda düz əməlli komandanın olmaması isə “Qəbələ”nin 8-ci yerlə də Premyer Liqada qalacağına əsas verir. Mükafatçılar də, sonuncu yerin aşağı dəstəyə düşməyəcəyi də bəllidirsə, Premyer Liqada böyük bir intriqa qalmayıb. İndiki turnir cədvəlini yekun kimi tanımaq isə çətin məsələ deyil.

İddiaya və mövsümə son qoyaq
Əsas müzakirə və mübahisə mövzusu Premyer Liqadakı 4-cü yerlə bağlıdır. “Sumqayıt”ın 4-cü olmaqla Avropa Liqasına getməsini qəbul etmək istəmirlər. Əslində, iddialar da, narazılıq da əsassızdır. Axı 4-cü yer avrokuboka vəsiqə vermir. Bu, yalnız onda mümkün olur ki, çempion kuboka da sahib olsun. Yəni, 4-cü yer uğrunda gedən müzakirələr kuboka yönəlməlidir. Kuboku başa çatdırmaq isə çox asandır. Elə AFFA buna qərar versə, PFL üçün turniri başa çatdırmaq asan olar. Mövsümə də, iddialara da kubokla nöqtə qoymaq olar.

Cəmi üç oyun
Kuboku bitirmək isə çox asandır. Yarımfinal iki deyil, bir oyundan ibarət etmək də mümkündür. Gələn həftə cümə axşamı və cümə günü, yəni iyunun 25-26-da yarımfinal matçlarını keçirmək olar. Növbəti cümə - iyulun 3-də finalla mövsümü bitirmək isə ən optimal variant görünür. İndiki fors-major durumda bundan yaxşısı görünür. Hər üç qarşılaşmanı eyni stadionda – məsələn Tofiq Bəhramov adına stadionda keçirmək də olar. Şənbə-bazar günləri karantin ehtimalı olduğundan cümə günü nisbətən etibarlı təsir bağışlayır.

Çempionatdan Avropaya yolu açıq olan “Qarabağ”, “Neftçi” və “Keşlə”yə qoşulacaq 4-cü komanda adına üç iddiaçı qalıb. “Sumqayıt”, “Zirə” və “Qəbələ”nin taleyi öz əlindədir. Onların hərəsi iki matçda – yarımfinal və finaldakı qələbə ilə avrokuboklara yüksələr. “Sumqayıt”a “Qarabağ”ın kubok qazanmağı da sərf edir. Ağdamlılar dubl etsə, Premyer Liqada 4-cü yer məsələsi aktuallaşacaq.

İddiasız iddialılar
Bu təklifə əsasən başa çatdırılmasına qərar veriləcək Premyer Liqadan üç komanda Avropaya yüksələcək, üç klub isə son yer üçün mübarizə aparacaq. Digər iki təmsilçimiz “Səbail”lə “Sabah” kənarda qalır. Bu da onların iddiasız çıxışı ilə bağlıdır. Avropada oynamaq iddiası olan klubların real gücü bununla uzlaşmır. Kubokla vidalaşan, çempionatda aşağı pillələrdə yer alan komandaların qitə kuboklarında nə işi var. Zatən ötən il “Səbail” biabırçı debütlə üzləşmişdi. Onilliklər boyu avrokubok qələbəsi olmayan “Universtatya”ya hər iki görüşdə uduzmağın isə başqa adı yoxdur.

Kimsə idman prinsipləri ifadəsini ortaya ata bilər. Amma bu iki komandanın turnir cədvəlindəki vəziyyəti və kubokla vidalaşması idman prinsipi deyil ki? 

Həm də belə kritik vəziyyətdə idman prinsipindən öndə insan həyatı, sağlamlığı durur. Necə ki, Fransa, Niderland və digər ölkələr bunu vaxtında qəbul etdi. Belə vəziyyətdə klubların xətrinə dəyməməyi, onların istəyini düşünməyin vaxtı da deyil. Qəti qərar vermək lazımdır. Adını çəkdiyimiz ölkələrdə narazı qalan klublar məhkəmələrə üz tutsa da, şikayətləri əsassız sayıldı. Çünki vəziyyət belə tələb edir.