15:22 18-06-2020
news_image
195
FUTBOL

Ayxan Abbasov: “İdman prinsiplərindən danışmaq çətindir” - MÜSAHİBƏ

“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi

- AFFA İcraiyyə Komitəsi bu gün Azərbaycan Premyer Liqasının dayandırılması ilə bağlı qərar qəbul edib. Buna münasibətiniz necədir?
- İstənilən qərara hörmətlə yanaşacaqdıq. Son bir ayda çox müzakirələr aparıldı. Təqvim hazırlanmışdı, 3 həftə də vaxt verilmişdi. Bu müddətin hazırlıq üçün az olduğunu bilsək də, çalışırdıq hazır olaq. Sonradan həftəsonları ən sərt karantin rejiminin tətbiq edilməsi bütün planları alt-üst etdi. Üstəlik, koronavirus pandemiyasının sürətlə yayılması çox təhlükəli idi. Klubların növbəti mövsümə rahat hazırlaşmaları üçün məncə, ən doğru qərar verildi. İnşallah, klublarımız daha təhlükəsiz, rahat şəkildə gələn mövsümə hazırlaşarlar.

- “Sumqayıt”ı avrokuboklara çıxaran ilk baş məşqçi kimi tarixə düşdünüz. Hansı hissləri keçirirsiniz?
- Bir məşqçi kimi məni çox sevindirir. Bunda təkcə mənim yox, birlikdə çalışdığım insanların, rəhbərliyin, azarkeşlərin - bir sözlə, hamının əməyi var. Bunu çox istəyirdik və ilk turdan hədəfimiz avrokuboka vəsiqə olub. Şükürlər olsun ki, bu bizə nəsib oldu.

- Bəzi klublar bu qərara qarşı idilər, idman prinsipləri əsasında yerlərin müəyyənləşdirilməsini istəyirdilər. Avrokuboka bu şəkildə vəsiqə sizdə narahatlıq yaratmadı?
- Hər bir klubun fikirlərinə hörmətlə yanaşırıq. Hərə öz klubunun xeyrinə danışır, onu müdafiə edir. Ancaq demək istəyirəm ki, “Sumqayıt” bu gün 4-cü yerdə təsadüfən yer almayıb. Mövsüm başlayandan 4-5-ci yerlərdə qərar tutmuşuq. Statistikaya nəzər yetirsək görərik ki, mövsüm ərzində 4-cü yerdə ən çox biz olmuşuq. Bu gün idman prinsiplərindən danışmaq çətindir. Onsuz da, idman prinsipləri pozulub. Mayda mövsümün bitməsi planlaşdırılırdı, çünki ötən ayın sonunda müqavilələr bitirdi. Bəzi futbolçular klublarını tərk ediblər. İki ay yarım məşq olmadı, oyunçular formadan düşüblər, şənbə-bazar günləri məşqlərə icazə yoxdur. Bütün bunlar idman prinsiplərinin pozulması deməkdir. Bunu nə “Sumqayıt”, nə AFFA, nə “Qarabağ”, nə də “Neftçi” istəyir. Bu, dünyada baş verən pandemiyadır. Düzdür, bəzi ölkələr bir az tez mövsümü başa çatdırdılar, bəziləri də oyunları bərpa etdilər. Operativ Qərargahı diqqətlə dinləsək, görərik ki, epidemiyanın yayılmasının ən pik vaxtıdır. Məncə, verilən qərarı normal qarşılamaq lazımdır. İnanmıram ki, hansısa klub buna etiraz etsin. O demək deyil ki, çempionat bərpa olunsaydı, mübarizə aparmayacaqdıq. Bizim də, “Zirə”nin də, “Səbail”in də şansı var idi.

- “Sumqayıt” tarixində ilk dəfə iştirak edəcəyi Avropa arenasına hansı hədəflə qoşulacaq?
- Avropa Liqasında böyük işlər görəcəyik demək indi çətindir. Klub rəhbərliyi ilə danışdıqdan sonra hədəflər müəyyənləşəcək. İstəyimiz odur ki, futbolçularımız Avropa arenasında mübarizə aparsınlar, inkişaf eləsinlər. Klubun daha çox böyüməsi üçün ciddi təkan olacaq.

- UEFA İcraiyyə Komitəsinin qərarına görə, avrokubokların təsnifat mərhələləri bir oyundan ibarət olacaq. “Sumqayıt”ın püşkatma zamanı səpələnməmişlər sırasında qərarlaşacağını nəzərə alsaq, yeni formatın sizin xeyrinizə olacağını demək olar?
- Avropa arenası tam başqadır. Ora yaxşı hazırlıqla qatılmaq lazımdır. Ümid edirəm ki, 2-3 həftəyə pandemiyanın yayılması azalar, biz də rahat təlim-məşq toplanışına yığışarıq. Püşkatmanın nəticəsindən çox şey asılıdır. Səndən qat-qat güclü rəqiblə qarşılaşa bilərsən ki, bu da istər-istəməz işini çətinləşdirər. İnanıram ki, rəqibin kimliyindən asılı olmayaraq mübarizliyi, istəyi orada da nümayiş etdirə biləcəyik.

Ruslan Sadıqov