15:51 18-06-2020
news_image
161
FUTBOL

“Qızın dörd adaxlısı” – Dabo və Emrelidən ilklər

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün bombardiri məsələsinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası hərəyə 7 qol vuran 4 futbolçunun hamısına bombardir mükafatı verəcək.

Bu, çempionatın əsasnaməsinə uyğun şəkildə gerçəkləşəcək. 15 oyun keçirən Baqali Dabo (“Neftçi”), 16 matça çıxan Mahir Emreli (“Qarabağ”) və 19 qarşılaşmada iştirak edən Peyman Babayi (“Sumqayıt”) və Stiven Monroz (“Neftçi”) mükafatçı elan olunacaq.

Hərçənd ötən mövsüm daha az oyun keçirən bombardir sayılırdı. Bu üzdən son turadək Baqali Dabo və Mahir Emrelinin oyun sayı diqqət mərkəzində idi. Bu mövsümdən qaydanı dəyişən PFL indi mükafatı 4 nəfərə verəcək. Əvvəlki qayda isə təkcə Dabonun xeyrinə idi.

Azərbaycan çempionatı tarixində ilk dəfə 4 futbolçu bombardir sayılacaq. Əvvəl maksimum iki oyunçu şərikli titul qazanıb.

Onlardan ikisi Baqali və Mahir ikinci dəfə bu ada yiyələnib. Bu cütlüyün ikisi də tarixə düşüb.

Fransalı futbolçu Dabo iki dəfə bombardir tituluna yiyələnən ilk legioner olub. “Neftçi”nin əsas komandasından qovulan hücumçu 2017/18 mövsümündə “Qəbələ”nin heyətində 13 qol vuraraq bunu bacarıb.

Mahir isə ötən il 16 qolla hamını qabaqlamışdı. Onlara qədər yalnız iki futbolçu bir dəfədən artıq bombardir olub. Onların hər ikisi yerli futbolçudur. Nazim Əliyev üç, Zaur Ramazanov iki dəfə uğura yiyələnib. Maraqlıdır ki, onlar da Dabo kimi müxtəlif komandalarda və fərqli illərdə uğur sahibi olub.

Emreli eyni komandada iki dəfə bombardir olan ilk futbolçudur. O, həm də ardıcıl iki dəfə bu ada yiyələnən ilk oyunçu olub.

Cari mövsüm bombardir adının ən az qolla qazanılması ilə tarixə köçüb. İndiyədək heç vaxt bunun üçün 7 qol yetərli olmayıb. Bunadək antirekord 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt Filip Ozobiç ("Qəbələ") və Rauf Əliyev (“Keşlə”) hərəyə 11 dəfə fərqlənib.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqası və ölkə kuboku başa çatıb.