17:28 18-06-2020
news_image
180
FUTBOL

Füzuli Məmmədovun hədəfi uzun yol qət etməkdir - MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun apasport.az saytına müsahibəsi

- AFFA İcraiyyə Komitəsi bu gün mövsümün erkən başa çatdırılmasını qərara aldı və turnir cədvəlində ikinci pillədə yer alan “Neftçi” gümüş medala layiq görüldü. Bu qərarı necə qarşıladınız?
- Düşünürəm ki, AFFA-nın qərarı düzgündür. Düzdür, biz də çempionatın davam etdirilməsinin tərəfdarı idik. Amma elə vəziyyət yaranıb ki, AFFA hər şeyi düşünərək bu addımı atdı.

- 2020/21 mövsümündə Avropa Liqasında iştirak edəcəksiniz. Avrokubokla bağlı hədəfiniz nədir?
- Çalışacağıq ki, komandamız mümkün qədər çox irəli getsin. Hədəfimiz Avropa Liqasında uzun yol qət etməkdir.

- Avrokuboklarda təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Bu, “Neftçi”nin xeyrinə, yoxsa ziyanına olacaq?
- Bu amil xeyrimizə də, ziyanımıza da işləyə bilər. Məsələn, zəif rəqiblə səfərdə oynadığın zaman çətinliklə üzləşirsən. Bir oyunla qalibi müəyyənləşdirmək hər zaman çətindir. Ona görə də, turnirə ciddi hazırlaşmaq lazımdır.

- Bəzi klublar artıq məşqləri dayandırdı. Siz də eyni addımı atacaqsınız?
- Biz məşqlərimizi davam etdirəcəyik. Çalışacağıq ki, komandamız hazırkı formasını itirməsin və getdikcə daha da inkişaf etsin.

- Vild-Donald Geryedən sonra Baqali Dabonun da getdiyini demək olar. Müqavilə müddəti bitən digər oyunçularla bağlı hansı qərar verilib?
- Bu haqda hələ heç nə deyə bilmərəm. Çünki qərar bu gün açıqlandı. Plana uyğun hərəkət edəcəyik. Oyunçularla bağlı qərarlar da yavaş-yavaş veriləcək.

- Yeni transferlərlə bağlı danışıqlar nə yerdədir? Siz konkret hansı mövqelərin gücləndirilməsini istəyirsiz?
- Gündəmdə olan futbolçularla danışıqlar həmişəki kimi, davam edir. Bu məsələ ilə mütəmadi maraqlanırıq. Bəzi mövqelər var ki, onları gücləndirəcəyik.

- “Neftçi”ni növbəti mövsüm də sizin çalışdıracağınızı demək olarmı?
- Xeyr, hələ yeni müqavilə bağlamamışam. Yalnız mövsümün uzanması səbəbindən sözləşməni iki aylıq uzatmışdım. Buna görə də, sualınıza konkret cavab verə bilmərəm.

Ruslan Sadıqov