17:33 18-06-2020
news_image

Namiq Əliyev: "Azərbaycanın onlarla rəqabət aparması çox çətindir" - MÜSAHİBƏ

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev AGF-nin saytına müsahibə verib. 

Apasport.az saytının məlumatına görə, federasiya rəhbəri güləşdəki son yeniliklər və bir sıra aktual məsələlərlə bağlı danışıb:

- UWW-nin İcraiyyə Komitəsinin son iclasında bir sıra qərarlar qəbul olundu. Beynəlxalq yarışlara qoyulan qadağa avqustun 31-dək uzadıldı. Buna münasibətiniz necədir?
- Bilirsiniz ki, bu qərarların verilməsinə səbəb bütün dünyada davam edən pandemiyadır. Bəzi ölkələrdə koronavirusa yoluxanların sayı artmaqdadır. Ona görə də bu qərarın doğru olduğunu düşünürəm. Düzdür, yarışların keçirilməməsi bütün idmançılara mənfi təsir göstərir. Hamı çalışır ki, turnirlər mümkün qədər tez başlasın. Ancaq bunu mövcud vəziyyətdə verilmiş doğru qərar hesab edirəm.

- Dekabrda böyüklər arasında dünya çempionatı keçirilə bilər. Bu yarışın bu il keçirilməsi nə dərəcədə real və vacibdir?
- Fikrimcə, dünya çempionatının dekabrda keçirilməsi realdır. Olimpiada olan ildə bu yarış keçirilmir. Olimpiya Oyunları gələn ilə təxirə salındığı üçün gələn il keçirilməli olan dünya çempionatının bu ilin dekabrında baş tutması məntiqəuyğundur. Bu, hazırlıq prosesində güləşçilərin motivasiyasını da artıracaq. Artıq Serbiya DÇ üçün namizədliyini irəli sürüb. Daha 5-6 ölkə bu yarışı keçirmək istəyir. Büronun iclasında pandemiya şəraitində yarışlarla bağlı A, B və C variantları irəli sürüldü. Artıq bəzi idman növlərində turnirlər bərpa olunub. Fikrimcə, sentyabrdan güləşdə də yarışlara start veriləcək.

- 2022-ci ildə Dakarda keçiriləcək yeniyetmələrin Olimpiadasının proqramından yunan-Roma güləşi çıxarılıb və onun yerinə çimərlik güləşi əlavə edilib. Bu qərardan sonra Paris-2024 və ya Los Anceles-2028-in proqramından da yunan-Roma güləşinin çıxarılacağını gözləmək olarmı?
- Yunan-Roma güləşin ən qədim növü hesab olunur. Bunu adından da görürük. Sadəcə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) özünün prinsipləri var ki, onlardan da biri idmanın baxımlı olmasıdır. Bu yanaşma doğrudur. Bütün idman növləri hərtərəfli təhlil olunur. Son zamanlar güləşin bu növündə baxımlılıq, izləyici kütləsi azalıb. Baxmayaraq ki, UWW müəyyən qaydalarda dəyişikliklər etməklə baxımlılığı artırmağa çalışır. Yeniyetmələrin Olimpiadasına çimərlik güləşi daxil edilib. Artıq bir neçə ildir ki, güləşin bu növü üzrə yarışlarda təmsil olunuruq, çempionlarımız var. Ötən il ilk dəfə keçirilən Dünya Çimərlik Oyunlarında iki medal qazandıq, Oyan Nəzəriani dünya çempionu oldu. Bu sahədə fəaliyyətimizi daha da gücləndirəcəyik. UWW-nin İcraiyyə Komitəsinin iclasında gedən müzakirələrə əsasən deyə bilərəm ki, böyük ehtimalla, yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramında yer almayacaq.

- Pandemiyaya görə gələn il Olimpiadanın keçirilməsi də sual altındadır. Sizcə, Tokio Yay Olimpiya Oyunlarının baş tutmama riski varmı?
- Dünənki iclasda da UWW-nin prezidenti Nenad Laloviç bu fikrə neqativ münasibətini ortaya qoydu. Məsələ burasındadır ki, Tokioda mer seçkiləri keçiriləcək. Namizədlərdən biri platformasında qeyd edib ki, seçkilərdən qalib çıxsa, Olimpiadanın Tokioda keçirilməməsinə çalışacaq. Bu, daha çox siyasi bəyanatdır. Olimpiya Oyunları sıradan yarış deyil ki, onu ləğv edib-etməmək hansısa merin qərarından asılı olsun. Hesab edirəm ki, bununla bağlı problem olmayacaq. Gələn il Olimpiada baş tutacaq. Əks halda, Yaponiya idman aləmində etibarını itirəcək. O zaman gələcəkdə Yaponiya Olimpiadanın təşkilatçılığıyla bağlı namizədliyini irəli sürsə, hansısa ölkənin onların lehinə səs verəcəyini düşünmürəm. Bilirsiniz ki, BOK bəyan edib ki, Olimpiya Oyunları gələn il də baş tutmasa, ləğv olunacaq və 2024-cü ildə Parisdə keçiriləcək. Çünki bütün federasiyaların çoxlu sayda yarışları var. Bu prosesin uzadılması bütün idman növlərində xaos yarada bilər.

- Olimpiadanın gələn ilə təxirə salınması bəzi güləşçilərimizin xeyrinə oldu. Zədəlilər zədələrini sağaldır, bəzi perspektivli gənclər böyüklər kateqoriyasına keçir və bu idmançılar Olimpiadada iştirak etmək şansı qazanacaq. Ancaq bəzi təcrübəli güləşçilərimizin yaşının üstünə yaş gəlir və get-gedə daha gənc rəqiblərlə mübarizə aparmaq çətinləşir. Siz Olimpiadanın gələn ilə təxirə salınmasını ümumilikdə güləşimiz üçün necə qiymətləndirirsiniz?
- Bu suala birmənalı cavab vermək çətindir. Bilirsiniz ki, son vaxtlar yığmalarımızda gəncləşdirmə siyasəti həyata keçiririk. Bəzi zədəli güləşçilərimiz gələn ilə kimi tam bərpa olunmaq şansı əldə edib. Sərbəst güləşdə 74 və 86 kq-da bununla bağlı problemlər var idi ki, Olimpiadanın gələn ilə təxirə salınması həmin problemləri aradan qaldırmağa imkan verdi. Ancaq məsələnin digər tərəfinə də baxmaq lazımdır. Olimpiadanın zirvəsində gördüyümüz Mariya Stadnikin yaşı artıq 30-u keçib. Olimpiya çempionu olacağına inandığımız Şərif Şərifov da yaş problemiylə üzləşir. Düzdür, Mariya o səviyyədə idmançıdır ki, onu kiminləsə əvəzləmək çətindir. Ancaq Şərifin çəkisində gənc və perspektivli, onu əvəzləyə biləcək idmançılar var. Müsbət və mənfi məqamları tərəzinin gözünə qoyanda bu təxirəsalmanın bizim lehimizə olduğunu söyləyə bilərəm.

- Olimpiya kvotası azaldılıb və hər çəkidə cəmi 16 güləşçi çıxış edəcək. Bu səbəbdən lisenziya qazanmaq uğrunda çox ağır mübarizə gedəcək. Bu şəraitdə neçə lisenziya qazanmaq əsas hədəf kimi götürülüb?
- Bizim lisenziya qazanmaqla bağlı problemimiz yoxdur. Çünki güləşçilərimizin gücü və hazırlıq səviyyəsi buna imkan verir. Biz heç vaxt çalışmamışıq ki, lisenziya qazanmaq xatirinə Olimpiadaya “turist” aparaq. Olimpiya Oyunlarına qatılan bütün güləşçilərimizə potensial medalçı gözüylə baxırıq. Həmin idmançılar da lisenziya qazanmağa qadirdir. Rio-2016-da 18 çəkidən 14-də təmsil olunmuşduq. Onlardan da 9-u Vətənə medala dönmüşdü. Bu, həqiqətən böyük göstəricidir. Olimpiada kimi ağır yarışda buna nail olmaq heç də asan deyil. Düşünürəm ki, bu dəfə də lazımlı lisenziyaları əldə edəcəyik. Güləşçilərimizin böyük potensialı var. Son Avropa çempionatında “2-3-cü nömrələri” sınaqdan keçirdik və onlar ümidləri doğrultdu. Bütün bunlar lisenziya yarışlara nikbin baxmağa əsas verir və bununla bağlı problem olacağını düşünmürəm.

- Azərbaycanda güləş hər zaman beynəlxalq arenalarda ən yaxşı nəticə verən idman növü olub. Bunu statistikaya baxanda da aşkar görürük. Ötən il Minskdə keçirilən II Avropa Oyunlarında qazanılan nəticələr də bunu bir daha sübut etdi. Ölkəmizin qazandığı 28 medaldan 10-u güləşçilərin payına düşdü. Beş qızıl medaldan üçünü güləşçilər əldə etdi. Azərbaycanda güləşin uzun illər davam edən liderliyini nə ilə izah edə bilərsiniz?
- Bunun bir çox səbəbləri var. Düzdür, bütün idman növlərinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Cənab prezidentin güləşə xüsusi rəğbəti var. Bakıda keçirilən Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında özü və Mehriban xanım gəlib, güləş yarışlarını canlı izləyirdi. Əlbəttə, bu da güləşçilərdə böyük motivasiya yaradır. Digər tərəfdən, ölkəmizdə güləşin böyük ənənələri var. Milli idman növü sayılır. Dövlətin qayğısı nəticəsində güləş daha da inkişaf edib və bu ənənələr davam etdirilib. Yeniyetmələr, gənclər və böyüklər arasında hər il Avropa və dünya çempionlarımız olur. Ötən il Avropa Gənclər Olimpiya Festivalında 18 güləşçimizdən 16-sının medal qazanması da böyük potensialdan xəbər verir. İnşallah, güləşin bu liderliyi belə də davam edəcək. Yeniyetmələrin Olimpiadasında həmişə çempionlarımız olub. Bütün bunlar deməyə əsas verir ki, güləşin gələcək perspektivləri də doğru istiqamətdədir. Yarışlar da bunu göstərəcək.

- Yeniyetmə və gənclərdən xüsusilə fərqləndirdiyiniz və böyüklər arasında da ciddi uğurlar qazanacaqlarına əmin olduğunuz güləşçilər varmı?
- Yeniyetmələrdən kiminsə adını çəkmək çətindir. Bu, idmandır. Bəzən perspektivli idmançılar ağır zədəylə üzləşir. Çox böyük potensialı olan yeniyetmə və gənc güləşçilərimizi qorumalıyıq. Son mərhələyə kimi onları çatdırmaq lazımdır. Bəzi yeniyetmələr arasında olimpiya çempionlarımız müəyyən səbəblərdən itdilər və bu gün yoxdurlar. Halbuki dünya güləş aləmində deyirdilər ki, bu uşağa qarşıdakı 10 il ərzində heç kim qalib gələ bilməyəcək. Ona görə də kiminsə adını çəkib, onu arxayınlaşdırmaq olmaz, ehtiyatı qorumaq lazımdır.

- Əvvəllər qadın güləşində bütünlüklə legionerlər ölkəmizi təmsil edirdi. Ancaq tədricən bu komandanın tərkibinə perspektivli yerli idmançılar cəlb olunmağa başladı. Yeniyetmə və gənclər arasında dünya və Avropa çempionu olan azərbaycanlı qadın güləşçilər var. Ötən il festivalda 3 qız güləşçimizin medal qazanması da bu sahədə inkişafın getdiyindən xəbər verir. Ölkəmizdə qadın güləşinin inkişaf sürəti və kütləvilik sizi qane edirmi?
- Bilirsiniz ki, qadın güləşi son 15 ildə yaranıb. Yaponlar bundan çox məharətlə istifadə etdilər və bu gün qadın güləşində dominantlıq edirlər. Yeri gəlmişkən, dünənki iclasda qeyd olundu ki, qadınlar arasında yunan-Roma güləşinin inkişaf etdirilib, Olimpiadanın proqramına salınması məsələsi gündəmdədir. Bu da BOK-un gender bərabərliyi prinsiplərinə uyğundur. Bilirsiniz ki, hər idmançını yetişdirmək üçün vaxt lazımdır. Üç-beş ilə heç kim dünya səviyyəli idmançı olmur. Bunun üçün uzun müddət lazımdır. Vaxtilə bizdə mentalitet məsələsinə görə, qadın güləşinə axın yox idi. Artıq belə problem yoxdur. İndi valideynlər uşaqların əllərindən tutub, güləşə gətirirlər. Zalımızda çoxlu yeniyetmə və gənc qızlar güləşlə məşğul olur. Nəticələr də gündən-günə yüksəlir. Qadın güləşinin hazırkı səviyyəsi bizi qane edir. Yeniyetmələrin Olimpiadasının proqramına qadınlar arasında çimərlik güləşi də salınıb. Bu gün artıq bu sahə üzrə də fəaliyyətə başladıq ki, 2 ildən sonra Dakardakı yarışda qadın çimərlik güləşçilərimiz olsun.

- İstənilən idman növünün daha da inkişaf etməsi üçün infrastrukturun yaxşılaşdırılması, zalların inventarla təminatı, maddi-texniki bazanın yaxşılaşdırılması, ölkədaxili yarışların sayının artırılması, yığma komandaların xaricdə təlim-məşq toplanışlarında və turnirlərdə daha çox iştirak etməsi lazımdır. Bütün bunlar isə böyük maliyyə tələb edir. Azərbaycan Güləş Federasiyası hazırda dövlət dəstəyi ilə fəaliyyətini davam etdirir. Necə düşünürsünüz, idmanımızın lideri sayılan güləşə müxtəlif şirkətlər də sponsor kimi dəstək olmalıdırmı?
- Bu proses bütün dünyada gedir. Hər idman növünün sponsoru var. UWW özü də sponsor tərəfdaşları ilə fəaliyyətini aparır. Əlbəttə, sponsorların cəlb olunması güləşin daha da təkmilləşməsinə kömək edər. Ancaq daha öncə də qeyd etdiyim ki, Azərbaycanda güləş kifayət qədər dövlət dəstəyi görür. Bu gün Rusiya, ABŞ və İran kimi böyük güləş ölkələriylə rəqabət apara biliriksə, bu, həmin dəstəyin nəticəsidir. Adlarını sadaladığım ölkələrin böyük əhalisi və çoxlu güləşçiləri var. 10 milyonluq Azərbaycanın onlarla rəqabət aparması çox çətindir. Bütün bunlara baxmayaraq, əksər yarışlarda komanda hesabında ilk “3-lük”də oluruq. Kifayət qədər dəstək olmasaydı, bu rəqabəti apara bilməzdik. Şükürlər olsun, hər şey qaydasındadır. Güləşimizin gələcəyinə nikbin baxırıq.

- Bildiyiniz kimi, Rusiya Olimpiya Komitəsi WADA tərəfindən 4 illik cəzalandırılıb. İdman Arbitraj Məhkəməsi (CAS) bu cəzanı təsdiqləsə, rusiyalı idmançılar Olimpiadada öz bayraqları altında çıxış edə bilməyəcəklər. Belə olsa, rusiyalı güləşçilər yalnız BOK-un bayrağı altında Olimpiadada iştirak edə bilər. Bu da onların motivasiyasına mənfi təsir göstərəcək və başqa ölkələrin güləşçilərinin uğur qazanmaq şanslarını artıracaq. Sizin bu məsələdə mövqeyiniz necədir?
- WADA-nın qərarına indi münasibət bildirməyimiz doğru olmaz. Çünki bu prosesi dərinliyinə kimi bilmirik. Yəqin ki, CAS hər şeyi detallı açıqlayaraq, yekun qərarı verəcək. Bəlkə də WADA-nın qərarı ləğv ediləcək. Hər şey ola bilər. Bu məsələni siyasiləşdirməyə çalışanlar oldu. İdmanı siyasiləşdirmək olmaz. İdmanın sərhədi yoxdur. Baxın, 300 milyondan artıq əhalisi olan ABŞ-ı hansısa afrikalı idmançı təmsil edir. Əlbəttə, hər bir idmançı üçün ona uğur qazanmağa şərait yaradan ölkənin bayrağını yüksəltmək böyük şərəfdir. Düşünmürəm ki, rusiyalı idmançılar Olimpiadada BOK-un bayrağı altında zəif çıxış edə bilər. Əksinə, bəlkə də daha böyük motivasiya ilə mübarizə aparıb, özlərini sübut etməyə çalışacaqlar. Əsas odur ki, idmançıların əziyyəti boşa getməsin. Bəziləri üçün bu Olimpiada sonuncu yarış olacaq. O qədər titullu idmançı var ki, olimpiya çempionu ola bilməyib. İstənilən idmançı Olimpiadaya medal qazanmaq üçün yollanır. Yəqin ki, yaxın müddətdə CAS qərarını verəcək.