17:54 18-06-2020
news_image
410
FUTBOL

Bu dəfə fərqli olacaq – mükafatlandırılma

“AFFA İcraiyyə Komitəsinin qərarlarından dərhal sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevlə görüşüb medalların necə təqdim olunması barədə fikir mübadiləsi apardıq”.

Bunu apasport.az saytına PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi bildirib ki, koronavirus pandemiyası səbəbindən komandaların mükafatlandırılması mərasimi bu dəfə fərqli şəkildə olacaq: “İlk olaraq “Qarabağ”a qızıl medalların və kubokun necə verilməsi variantını nəzərdən keçiririk. Təbii ki, bununla bağlı bəzi variantlar var. İndiki durumda sosial məsafəni qorumaq lazımdır”. 

Şahgəldiyev müvafiq olaraq ikinci və üçüncü yerləri tutan “Neftçi” ilə “Keşlə”yə də gümüş və bürünc medalların veriləcəyini deyib: “Bilirsiz ki, əvvəllər bütün mükafatçılar bir yerə yığılırdılar. İndi gündəmdə duran ilk məsələ çempionun mükafatlandırılmasıdır. Yəqin ki, bu dəfə bütün komandalar eyni yerə toplaşmayacaqlar. Hər komandada təxminən 50 nəfərin olduğunu nəzərə alsaq, medalçıları eyni anda mükafatlandırmaq riskli addım olar. Vaxt və məkanla bağlı bütün klublarla danışırıq”.

Departament rəhbəri Birinci divizionun da medalçılarını mükafatlandıracaqlarını söyləyib: “Bununla bağlı araşdırma aparırıq. Hazırda rayonlara getmək çətin görünür. Bunun həll yolu üçün 2-3 variantı götür-qoy edirik. Hələ konkret qərar verilməyib”.

Şahgəldiyev çempionatın bombardirlərinin də mükafatsız qalmayacağını sözlərinə əlavə edib: “Əsasnaməyə görə, ən çox qol vuran futbolçu bir yox, bir neçə nəfərdirsə, hər biri bombardir hesab edilir. Bu da o deməkdir ki, bu mövsüm 4 bombardirimiz olacaq. Həm onlar, həm də Birinci divizionun bombardiri mükafatlandırılacaq”.

Qeyd edək ki, Premyer Liqada 2019/20 mövsümünü 4 futbolçu - Baqali Dabo, Stiven Jozef-Monroz (hər ikisi “Neftçi”) Mahir Emreli (“Qarabağ”) və Peyman Babayi (“Sumqayıt”) 7 qolla tamamlayıb. Birinci divizionun bombardiri isə aktivinə 15 qol yazdıran “Qarabağ-2”nin hücumçusu Musa Qurbanlı olub.