15:03 21-06-2020
news_image
5960
FUTBOL

Transfer xatirinə transfer siyasətinə keçən "Qarabağ"

Transfer dönəmini adətən passiv keçirməsinə öyrəşdiyimiz "Qarabağ"ın son vaxtlar digər klublardan heç bir fərqi qalmayıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu adətən "nöqtə" transferlər edərək, futbolçuları uzun müddət heyətində qoruyardı. Əvvəllər "Qarabağ" istədiyi oyunçuları heç olmasa bir neçə ay izləyərdi, çıxışını canlı görmək üçün skaut yollayardı. Ancaq görünür, məşqçilər korpusu bu strategiyanı dəyişib, gediş-gəlişləri artırmağa başlayıb.

Digər klublar kimi, "Qarabağ"da da mövsümöncəsi gətirilən əcnəbi futbolçuların çoxu uzağı bir il qalır, bu müddətdə də varlığı ilə yoxluğu bilinmir. Deyəsən, Qurban Qurbanov artıq transferlərə əvvəlki həssaslığı göstərmir, rəhbərlik də transfer xatirinə transferə keçib. Ötən ilin yayında gətirilən Ailton Silva, Faysal Rerras və Maqaye Qeyenin belə tez gedişi "Qarabağ"da uğursuz seçimlərin artdığını ortaya qoyur. Hətta Qeye o qədər lazımsız imiş ki, mövsümün yekunlaşmasını gözləmədən onunla müqaviləyə xitam verildi. Bəh-bəhlə gətirilən forvard ondan az oyun keçirən Mahir Emrəlinin belə, kölgəsində qaldı. Həmçinin Rerrasın da sözləşməsinin sonuna hələ bir il qalmışdı.

2018-ci ildə Belçikadan ölkəmizə təşrif buyuran Vaqner da Silva isə heç Azərbaycan millisinin 3-cü qapıçısı Şahruddin Məhəmmədəliyev səviyyəsində də çıxmadı. 

Əcnəbilərə açılan yerlər onu deməyə əsas verir ki, "Qarabağ" üçün bu yay da hərəkətli keçəcək. Etiraf edək ki, Abdullah Zubir və Xayme Romero istisna olmaqla, ölkə çempionu digər əcnəbilərindən düz-əməlli xeyir görmədi. Filip Ozobiç gələndən zədəsini sağaltmaqla məşğuldursa, Miçelin də artıq yaşı əvvəlki performansı göstərməyə imkan vermir.

Yəqin ki, Qurban Qurbanovun siyahısı genişdir və yerlər boş qalmasın deyə onların bir neçəsi bu yay transfer ediləcək. Amma bu düşüncə ilə "Qarabağ"da uzağı 1 ildən sonra kütləvi gedişlər qaçılmaz olacaq...