17:04 21-06-2020
news_image
363
DİGƏR NÖVLƏR

Yığmamızın sabiq baş məşqçisi vəfat edib

Azərbaycan ağır atletika ailəsinə itki üz verib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) apasport.az saytına verilən məlumata görə, 81 yaşlı tanınmış mütəxəssis Mirzə Hüseynov  dünyasını dəyişib.

18 mart 1939-cu ildə Bakı şəhərində anadan olan Hüseynov Mirzə İbrahim oğlu 1952-ci ildə “Dinamo” İdman Cəmiyyətində, idmanın müxtəlif növləri üzrə məşqlərə başlayıb. Xüsusən ağırlıqqaldırma növündə fərqlənərək idman ustası səviyyəsinə qədər yüksəlib. Fəal idmançı kimi o, 1967-ci ilə qədər dəfələrlə Azərbaycanın və “Dinamo” İC-nin Ümumittifaq Mərkəzi Şurasının çempionu və rekordçusu olub. Azərbaycan yığma komandasının tərkibində 3 dəfə (1956, 1959 və 1963-cü illərdə) SSRİ Xalqlarının Spartakiadalarında Respublikanın idman şərəfini qoruyub.

1963-cü ildə Az.DBTİ-ni bitirdikdən sonra “Dinamo” İC-də məşqçilik fəaliyyətinə başlayıb. 1984-cü ilə qədər davam edən məşqçilik dövründə o, eyni vaxtda müsabiqələrdən keçməklə, 1967-71-ci illərdə ADU-da müəllim, 1971-88-ci illərdə Az.DBTİ-də baş müəllim işləyib və 1988-ci ildən dünənə qədər ATU-nun bədən tərbiyəsi və idman kafedrasında dosent vəzifəsində çalışıb.

1967-ci ildən 1980-ci ilə qədər o, Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi olub. Bu dövrdə onun hazırladığı idmançılar həm “Dinamo” İC, həm də eyni vaxtda Respublikanın yığma komandalarının tərkibində müxtəlif yaş qrupları üzrə Ümumittifaq miqyaslı yarışlarda və beynəlxalq yoldaşlıq görüşlərində həmişə fərqlənib və yaxşı nəticələr göstəriblər. Buna görə o, “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adına layiq görülüb. Eyni vaxtda uzun müddət müxtəlif miqyaslı yarışlarda yüksək səviyyədə hakimliyinə görə “Beynəlxalq dərəcəli hakim” adını alıb. Məşqçilik ilə yanaşı, Ali məktəb sistemində də fərqləndiyinə görə ona “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilib.
İkinci dərəcəli əlil olmağına baxmayaraq o, AAAF tərəfindən keçirilən bütün yarış və tədbirlərdə həmişə fəal iştirak edib. AAAF-ın Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının əməк və idman veteranı idi.

Allah rəhmət eləsin!