12:04 22-06-2020
news_image
265
FUTBOL

Daha 2 əcnəbi futbolçu ilə vidalaşdı - "Zirə"

Mövsüm erkən başa çatdırıldığı üçün istirahətə buraxılan "Zirə" klubunda "təmizləmə işləri" davam edir.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Anastasios Papazoğludan sonra daha 2 əcnəbi futbolçusu ilə yollarını ayırıb.

Bunlar digər müdafiəçilər Yovan Krneta və Miloş Bakraçdır. Klub müvafiq olaraq serbiyalı və monteneqrolu futbolçularla başa çatan müqavilə müddətini uzatmaq istəməyib. Bakı təmsilçisinin məşqçilər korpusu adıçəkilən oyunçuların xidmətində maraqlı olmayıb.

Ötən ilin yayında "OFK Titoqrad"dan gələn Bakraç və qışda "Levadiakos"dan qaytarılan Krneta ümidləri doğrulda bilməyiblər. Monteneqrolu 11, serbiyalı isə cəmi 2 matçda iştirak edib.

Qəsəbə təmsilçisində digər əcnəbi futbolçularla bağlı məsələ açıq qalır. Onların aqibəti rəhbərliyin gələn mövsüm üçün ayıracağı büdcədən asılı olacaq.