10:06 24-06-2020
news_image
318
FUTBOL

“Əsas hədəf ilk növbədə birinci təsnifat mərhələsini keçməkdir” - Vaqner da Silva

"Çox mürəkkəb vəziyyətdir, amma pandemiya ilə mübarizə üçün hökumət lazımi tədbirləri görür. Azərbaycanda eksklüziv bir hadisə deyil, hamı bu karantini yaşayır. Qaydalara ən yaxşı şəkildə əməl etməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"dan yenicə ayrılan qapıçı Vaqner da Silva deyib.

Braziliyalı qolkiper koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan mövsümün çempionu elan olunmalarına münasibət bildirib. 34 yaşlı qapıçı Premyer Liqanın vaxtından əvvəl yekunlaşdırılmasının səbəbini də açıqlayıb: "Azərbaycanda çempion elan olundu. Çünki Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına vaxt qalmayıb. Braziliyada da təqvim sıxdır. Hesab edirəm ki, idmançıların təhlükəsiz vəziyyətdə məşqləri bərpa etmələri üçün federasiya və hökumət arasında fikir mübadilələri aparılmalıdır".

Vaqnerin sözlərinə görə, məşqləri bərpa etsələr də, yenidən karantin rejiminin elan olunması klubların planlarını pozub: "Yenidən məşqə uyğunlaşmaq çətin deyildi. Testlərin nəticəsinə görə, komandada heç kimdə yoluxma halı aşkarlanmamışdı. Həmçinin klub rəhbərliyi təhlükəsizlik tədbirlərini görmüşdü. Ancaq tətbiq edilən yeni məhdudiyyətlərə riayət etmək üçün məşqləri dayandırmalı olduq. Bu vəziyyətdə çempionatın bərpasına ümid az idi. Evə getmək lazımdır".

"Qarabağ"ın ardıcıl 7-ci ölkə çempionluğunu qazandığını xatırladan da Silva Ağdam klubunun avrokuboklarda uğurlu çıxış etmək iqtidarında olduğunu vurğulayıb: "Qarabağ" sürətlə böyüyür. Müntəzəm Çempionlar Liqasının təsnifat mərhələlərində mübarizə aparır və Avropa Liqasının qrupunda çıxış edir. Bu, Azərbaycan kimi kiçik bir ölkəyə böyük ölçü qazandırır. Avropa arenasında oynamaq klubu həmişə daha yüksək səviyyəyə qaldırır. Növbəti mövsüm əsas hədəf ilk növbədə birinci təsnifat mərhələsini keçməkdir".

Qeyd edək ki, 2018-ci ilin yayında "Qarabağ"a gələn Vaqner da Silva ölkəmizdə keçirdiyi iki mövsüm ərzində 2 dəfə ölkə çempionluğu sevincini yaşayıb.