16:09 24-06-2020
news_image
307
FUTBOL

"Zirə"nin 5 illik problemi – klub düzgün idarə edilsə...

Premyer Liqa klublarının son 5 ildə transfer bazarındakı fəaliyyəti ilə bağlı araşdırmanın budəfəki ünvanı "Zirə"dir.

Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisinin elə cəmi 5 illik yüksək liqa həyatı var.

Bu klub məhz 2015-ci ildə Premyer Liqada debüt edib və həmin vaxtdan çempionatın sakinlərindən biridir. Yeni yaranmış digər Azərbaycan təmsilçiləri kimi, "Zirə" də iddialı başlanğıc etdi, ənənəni pozmayaraq heyətini sıfırdan qurdu. Nə az, nə çox, düz 23 oyunçu heyətə cəlb olundu və onlar komandada saxlanılan tək-tük futbolçulara qoşuldu. İlk mövsüm azarkeşlər üçün böyük sürpriz oldu. Adil Şükürovun kollektivi 10 komandanın iştirakı ilə keçirilən son çempionatın, eyni zamanda "Xəzər Lənkəran"ın axırıncı mövsümünün 62 xalla 2-cisi oldu. "Qarabağ"ın rəqibsiz tamamladığı liqada debütantın "Qəbələ", "İnter" kimi iddialı komandaları qabaqlaması az uğur deyildi. Ancaq uğurlu transferlərlə yanaşı, uğursuzların olması da qaçılmaz idi. Məsələn, əcnəbilərdən Çimezi Mbah, Rihairo Muelens, Eduardo Makiel və Dieqo Souzanın gümüşə böyük köməklik göstərdiyini demək olmaz. Həmçinin yerlilərdən Ruslan Poladov, Eltun Hüseynov, Hacı Əhmədov, İlqar Hüseynov, Ruslan Tağızadə, Ruslan Cəfərov və Mirkamil Həşimlinin nə məqsədlə komandaya götürüldüyünü anlamaq mümkün deyil. Tağızadə elə həmin transfer dönəmində gəlsə də, rəsmi matçlar başlamamış yola salındı. Bəziləri isə meydança üzü görmədilər və qış fasiləsində göndərildilər.

İlk mövsümdə xeyir verməyənlərə 2016-cı ilin yay fasiləsində qapı göstərildi. Digərlərindən fərqli, Nelson Bonilyanın gedişi qol yollarında sıxıntı yaratdı. Yasin Həmid, Gerhard Proqni, həmçinin qış fasiləsində alınan Akim Latifu, Amadu Sanqar və Georgi Qorozianın varlığı yalnız əcnəbi limitini doldurmaqda hiss olunurdu. Rəhbərliyin ilk iki oyunçuya cəmi 6 ay dözə bilməsi uğursuz seçimi bir daha təsdiqlədi. Artıq Adil Şükürov da missiyasını başa vurmuşdu, komandasına ilk mövsümdəki kimi diktə edə bilmirdi. Nəticədə "Zirə" 2017-ci ilə Ayxan Abbasovun rəhbərliyi altında başladı və mövsümü 4-cü pillədə tamamladı.

Əksər məşqçilər kimi, Abbasov da mövsüm bitən kimi, heyətdə təmizləmə işləri apardı, öz kollektivini qurmağa başladı. Amma gənc mütəxəssis heç cür stabil heyəti formalaşdıra bilmədi. Təsadüfi deyil ki, mövsüm ərzində düz 31 futbolçu "Zirə"nin heyətində çempionat matçına çıxdı. Abbasovun istəyi ilə gətirilən David Manqa, Kerven Belfor və Qabriel Matey sıradan oyunçu təsiri bağışladılar. Yerlilərdən də kiminsə əlahiddə nə iləsə yadda qaldığını demək olmaz. Qaranlıq qalan məqam "Qəbələ"dən ayrılan Rəşad Sadiqovun "Zirə" ilə müqavilə bağlayıb, mövsümə "Neftçi"də başlaması oldu. Ayxan Abbasov qış fasiləsində isə bir neçə gənc oyunçunu düşərgəyə cəlb etdi ki, onlar hazırda da çempionatımızda mübarizə aparırlar. Komanda get-gedə zəifləyən çempionatda bu dəfə də ilk "dördlük"də özünə yer etməyi bacardı.

Qəsəbə təmsilçisi 2018/19 mövsümündə Samir Abasova həvalə olundu. "Sumqayıt"da uğurlu iş görən Abasova ümid böyük idi. O da təbii olaraq dəyişikliklərə əl atdı və oyunçu qıtlığı yaşamadı. Belə olmasaydı, mövsümün gedişində 30 nəfərə meydana çıxmaq imkanı yaratmazdı. Abasov gətizdirdiyi əcnəbilərin, demək olar ki, hamısına kifayət qədər şans verdi. Ancaq bu dəfə əsas problem yerlilərlə bağlı oldu. Etiraf edək ki, "Zirə"nin heyətindəki yerli futbolçular iddialılar sırasına düşmək potensialında deyildirlər. Yerli-əcnəbi balansının da pozulması uğursuzluğa səbəb oldu.

Geridə qalan 2019/20 mövsümündə isə bakılılar iddialı olmaq qərarına gəlmişdilər. Transferlər üçün yaxşı maliyyə ayrıldı, baş məşqçinin istədiyi oyunçular heyətə cəlb olundu. Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov kimi futbolçular da yerli problemini həll etməli idilər. Amma komanda mövsümə zədə epidemiyası səbəbindən ciddi itkilərlə başladı, Abasov bir növ meydana çıxarmağa oyunçu tapmırdı. Nəticədə ötən ilin oktyabrında rəhbərlik onunla yolları ayırıb, Zaur Həşimovu baş məşqçi postuna gətirdi. Soni Norde və Xulio Sezar Rodriges yeni çalışdırıcının sisteminə uyğun gəlmədikləri üçün qış fasiləsində yola salındılar. Onların gedişi gözlənilməz idi. İnsaf naminə, Norde və Rodrigesdən heç də geri qalmayan və əla forma yığan Davit Volkovla Ağabala Ramazanov bu ilin əvvəlində transfer edildi. Bu ikilinin Riçard Qadze ilə yaratdığı "trio" rəqib müdafiəçilər üçün qorxulu görünsə də, "Zirə" mövsümü heç də məhsuldar keçirmədi. Komandaya qaytarılan Yovan Krnetanın dönüşü isə uğursuzluqla yadda qaldı. 20 turdan sonra "Sumqayıt"la eyni sayda xal toplayan "Zirə" mövsüm erkən başa çatdırılmasaydı, bəlkə də, avrokuboklara vəsiqə qazanacaqdı. Ancaq kollektiv komplektləşmədiyi və stabil heyət qurulmadığı müddətdə paytaxt təmsilçisi çətin ki, debüt ilindəki nailiyyəti bir daha təkrarlaya bilsin.

Geridə qalan illər ərzində "Zirə"nin transfer siyasətində böyük rüsvayçılıqlar olmasa da, tez-tez futbolçu və baş məşqçi dəyişiklikləri uğura mane olur. Halbuki klub düzgün idarə edilsə, heyətə kiçik əl dəyməklə, onsuz da, rəqabətsiz olan çempionatda 3-cü yerə rahat iddia etmək mümkündür.