22:17 25-06-2020
news_image
268
FUTBOL

Klublarımızın avrokubokda iştirakını təsdiqlədi - UEFA

Azərbaycanı 2020/21 mövsümündə avrokuboklarda təmsil edəcək komandaların adlarını UEFA təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu AFFA İcraiyyə Komitəsinin qərarına cavabını göndərib.

Məktubda "Qarabağ"ın Çempionlar Liqası, "Neftçi", "Keşlə" və "Sumqayıt"ın isə Avropa Liqasına buraxılacağı təsdiqlənib. Adıçəkilən klubların Avropa arenasında iştirakı ilə bağlı yekun təsdiq qərarı təmsilçilərimizin müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi iyunun 18-də keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının başa çatdırılmasını qərar alıb. COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/20 mövsümü üçün çempionat və ölkə kuboku uğrunda yarış dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.