09:00 30-06-2020
news_image
119
FUTBOL

Premyer Liqada çıxış edən futbolçuların transfer dəyəri açıqlandı - 5 faizlik geriləmə

Transfermarkt Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların dəyərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən mövsüm erkən başa çatdırıldığından, apreldəki göstəricilərlə müqayisədə 5 faiz geriləmə müşahidə olunub.

Çempionatın ən dəyərli futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Onun qiyməti 1,3 milyon avro göstərilir. Fransalını 1 milyon avro ilə komanda yoldaşları Bədavi Hüseynov, Qara Qarayev və Mahir Emreli izləyirlər. İlk "5-liy"i isə Ağdam klubundan yeni ayrılan Aylton Silva qapayır - 900 min avro.

"Neftçi"nin ən dəyərli futbolçusu müdafiəçi Anton Krivotsyuk göstərilib. Digərləri ilə müqayisədə millimizin üzvünün göstəriciləri artıb - 800 min avro. "Qarabağ"ın yarımmüdafiəçisi Filipp Ozobiçin də qiyməti eynidir. "Neftçi"nin digər futbolçularında isə geriləmə yaşanıb. Artıq "ağ-qaralar"dan ayrılan Baqali Dabonun dəyəri yarım milyona, Stiven Jozef-Monrozun qiyməti isə 650 min avroya enib.

"Keşlə"nin Premyer Liqanı 3-cü pillədə tamamlayaraq Avropa Liqasına vəsiqə qazanmasında müstəsna rol oynayan Vüsal İsgəndərli ilə Sezar Meza Kollinin transfer dəyəri 75 min avrodan müvafiq olaraq 450 min və 400 min avroya qədər sıçrayış edib.

"Sabah"ın heyətində Bəhlul Mustafazadə irəliləyişə nail olub. Gənc müdafiəçi 550 min avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası XX turdan sonra başa çatdırılıb. "Qarabağ" çempion elan olunubsa, "Neftçi" gümüş, "Keşlə" isə bürünc mükafata layiq görülüb.