12:38 01-07-2020
news_image
487
FUTBOL

“Paraya dəymə, bütövü kəsmə, doğra doyunca ye” – “Zirə”nin şüarı

Mövsüm başa çatar-çatmaz Premyer Liqamızda ilk istefa reallaşdı.

Apasport.az saytının məlumatına görə, klubların heyətə əl gəzdirdiyi bir vaxtda "Zirə" yenə hamıdan fərqləndi, "təmizliyə" baş məşqçisi ilə başladı.

Mövsümə Samir Abasovla başlayan qəsəbə təmsilçisi onun kimi, Zaur Həşimova da istədiyi şəraiti və vaxtı vermədən yola saldı. Abasov cəmi bir dövrə qala bildi, 7-ci turdan sonra 8 xal topladığı üçün göndərildi. Halbuki həmin vaxt problem baş məşqçidə yox, futbolçu heyətinin kasadlığında idi. Oyunların iştirak ərizələrinə baxsaq, mənzərə aydın görünər. Baş məşqçi hələ mövsümün əvvəllərində meydana buraxmağa "11-lik" qura bilmirdi.

Heç Zaur Həşimovun dönəmində də fərqli mənzərəyə şahidlik etmədik. Həşimov pis başlanğıc etməmişdi. Debüt oyununda "Neftçi"yə məğlubiyyətdən sonra ardıcıl 4 matçın 3-də heç-heçə etdi, 1-də qələbə qazandı. Zirəlilərin büdrətdiyi komandalar arasında "Qarabağ" da var idi. İnsaf naminə komanda oyunlarda pis təsir bağışlamırdı, bəzi görüşlərdə hücumçu səriştəsizliyi ucbatından xallar itirildi. Karantin dönəmi ərəfəsində ardıcıl məğlubiyyətlər isə komandanın artıq yorulduğundan xəbər verirdi. Çünki eyni futbolçuların istirahətsiz ardıcıl oyunlarda iştirakı istər-istəməz performansa təsir edəcəkdi. Rəqiblərdə "23-lük" olduğu halda, Həşimov matçlarda ixtiyarına 18 oyunçu yığa bilmirdi.

Buna baxmayaraq, "Zirə" 20 turdan sonra 4-cü pillədəki "Sumqayıt"la eyni sayda xal toplamışdı və 5-ci yerdə qərarlaşmışdı. Üstəlik, komanda Azərbaycan kubokunda da yarımfinala yüksəlmişdi. Yəni mövsüm davam etdirilsəydi, "Zirə"nin 4-cü yeri tutmaq və ya kuboku qazanmaq şansı heç də az deyildi. Təbii ki, bunun əksi də ola bilərdi.

İstənilən halda, Zaur Həşimovla bağlı verilən qərarın doğru olmadığını düşünürəm. Bunu yuxarıda sadaladığım səbəblərlə əsaslandıra bilərəm. Ən əsası isə onu nə mövsümlərarası, nə də dövrələrarası fasilədə gətirmişdilər. Mövsümün gedişində bu posta təyin olundu və öz heyətini formalaşdırmaq üçün vaxtı olmadı. Samir Abasovla Zaur Həşimovun oyun fəlsəfəsi də tam fərqli idi. Biri çılğın, topu saxlamağı sevən, digəri intizamlı və sürətli hücumlar tələb edən mütəxəssisdir. Qış fasiləsində isə heyətdə köklü dəyişikliklər etmək, demək olar ki, mümkünsüzdür. Həşimov yalnız hücum xəttini gücləndirə bilmişdi ki, burada da alternativsizlik yaranmışdı. Heyətdə islahat aparmaq və istədiyin üslubda oyunçuları yığmaq üçün yay fasiləsi ən münasib zamandır. Ancaq Zaur Həşimovun da buna imkanı olmadı.

Şəxsən mən "Zirə"nin 20 turluq mövsümdə avrokuboklara vəsiqə qazana bilməməsini nə Samir Abasov, nə də Zaur Həşimovla əlaqələndirirəm. Abasova işini davam etdirmək, Həşimova isə öz heyətini qurmaq üçün vaxt verilmədi.

İndi baş məşqçi postuna futbolçu karyerasını yenicə başa vuran Rəşad Sadıqovun gətiriləcəyi söz-söhbəti gəzir. Baş məşqçidən asılı olmayan problemlər həllini tapmasa, Sadıqovun yeni sahədəki debütünün də uğurlu olacağını gözləmək yersizdir. Çünki “Zirə” klub kimi hələ nə istədiyini müəyyənləşdirməkdə belə aciz görünür. Premyer Liqadakı rəqiblərindən fərqli, kifayət qədər yaxşı büdcəyə malik komandada “qan dəyişikliyi” vacibdir. Rəhbərlik baş məşqçiləri “əlcək” kimi dəyişməkdənsə, strategiyasını müəyyənləşdirməlidir. Onların indiki siyasətini, çalışdırıcılardan istəyini isə bir cümlə ilə ifadə etmək olar: “Paraya dəymə, bütövü kəsmə, doğra doyunca ye”. 

Ruslan Sadıqov