14:22 02-07-2020
news_image
353
FUTBOL

Kim yatmış, kim oyaq? – Azərbaycan klublarından

Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da müqavilə müddəti mövsümün sonuna qədər olan futbolçular dünəndən azad agent statusu daşıyırlar.

Apasport.az saytının məlumatına görə, onların bəzilərinin taleyinə artıq aydınlıq gəlib.

Çempionat erkən başa çatdırıldığından, klublar bu dəfə transfer fəaliyyətinə erkən start veriblər və sözləşməsi bitən oyunçuların əksəriyyəti haqda qərarlarını veriblər. Bu baxımdan "Keşlə"nin xüsusi fəallığını qeyd etmək lazımdır. Avropa Liqasına vəsiqə qazanan qəsəbə təmsilçisində, demək olar ki, hamının anlaşma müddəti bitirdi və rəhbərlik onlarla bağlı qərarını verib. Hazırda yalnız 2 oyunçunun durumu qeyri-müəyyəndir. Ölkəsi Moldovada olan qapıçı Stanislav Namaşkonun daha 1 illik sazişə qol çəkməsi gözlənilirsə, müqavilə ilə "Universitatya Krayova"ya məxsus Sezar Meza Kollinin məsələsində son sözü Rumıniya klubu deyəcək.

Çempion "Qarabağ"da müqaviləsi bitənlər yola salınıb. Araz Abdullayevin də qalması gözlənilmir. Hazırda yeganə qaranlıq qalan məqam Abbas Hüseynovla bağlıdır ki, onun Ağdam klubunda qalacağını proqnozlaşdırmaq olar.

"Neftçi" də heyətdəki "təmizlik işləri"ni yekunlaşdırıb. Bəziləri ilə yeni saziş bağlanıb, bəziləri yola salınıb. Yalnız qapıçı Aqil Məmmədovun məsələsi rəsmən açıqlanmayıb. Ancaq onun da növbəti mövsümü "ağ-qaralar"da keçirəcəyinə şübhə yoxdur.

Həmçinin "Sabah"da da yeni müqavilə baxımından bir problem qalmayıb. Gedənlər, həmçinin daha bir il qalmaq qərarı verənlər olub. Durumu bəlli olmayan yeganə futbolçu Ramil Şeydayevdir. Millimizin hücumçusuna yeni saziş təklif də olunub. Ancaq Şeydayev üçün "Sabah"da qalmaq hələlik son variantdır. Forvard ölkə xaricini arzulayır, digər tərəfdən daxildə də başqa təklifləri var.

"Zirə"də bəzi ayrılıqlar yaşanıb, hətta baş məşqçi də yola salınıb. Ancaq hələ də gələcəyi haqda narahat olanlar var. Bu isə yeni büdcənin təsdiqindən və baş məşqçinin kimliyindən asılı olacaq.

"Səbail", "Qəbələ" və "Sumqayıt" isə səssizliyini pozmağa tələsmirlər. Hər üç klubda əksər oyunçular artıq azad agentdirlər. Xüsusən də, "Səbail" və Avropa Liqasında iştirak edəcək "Sumqayıt"da sözləşməsi davam edən tək-tük oyunçu qalıb. Adıçəkilən komandalar da "Zirə" kimi büdcə təsdiqini gözləyirlər. "Səbail"də isə hətta klubun özünün var olub-olmayacağı sual altındadır.