11:43 03-07-2020
news_image
1817
FUTBOL

Əcnəbi qalmadı - Premyer Liqamızda ilk dəfə

Azərbaycan Premyer Liqası klublarında xarici baş məşqçi qalmayıb.

Apasport.az saytının məlumatına görə, bu, “Sabah”ın xorvatiyalı Jelko Sopiçi istefaya göndərməsindən sonra gerçəkləşib.

2019/20 mövsümünün startında yeganə əcnəbi “Neftçi”nin çalışdırıcısı Roberto Bordin idi. XIII və XIV turlarda italiyalıya Sopiç qoşulmuşdu. 

Qış fasiləsində istefaya göndərilən Bordinin gedişindən sonra xorvatiyalı yeganə legioner mütəxəssis kimi qalmışdı. Lakin son dövrlərdə məşqçilərini də, futbolçularını da əlcək kimi dəyişməyi adətə çevirən “Sabah” son legioneri də göndərdi.

Beləliklə, hazırda Premyer Liqanın 8 klubundan 6-da yerli mütəxəssis çalışırsa, ikisində - “Sabah” və “Zirə”də bu post vakantdır.

Azərbaycan çempionatları tarixinə nəzər salsaq, əcnəbi baş məşqçinin olmamasına sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. 2004-cü ilin yayından başlayan axın müddətində isə daim ən azı bir gəlmə mütəxəssis olub.

Ölkə çempionatlarının 16 ildən sonra yalnız yerlilərin ümidinə qalması bir ilklə də əlamətdardır. Turnir Premyer Liqa adlandığı 2007-ci ildən sonra heç vaxt klublarımız əcnəbisiz qalmayıb.