12:18 03-07-2020
news_image
278
FUTBOL

Sabahını göstərən "Sabah" və ya futbolumuzun bu günü

Premyer Liqamız əcnəbi məşqçisiz qaldı.

Ötən ilin sonlarında "Sabah"ın gətirdiyi Jelko Sopiç ayağının tozu çəkilməmiş yola salındı.

"Sabah"ın noyabrın 26-dakı təyinatı nə qədər gözlənilməz idisə, ayrılıq qərarı təəccüb doğurmadı. Klub xorvatiyalını gətirdiyi ilk gündəcə artıq sabahını göstərmişdi. Onun burada baş çıxarmayacağı gün kimi aydın idi. Bircə rəhbərlik bunu görmürdü və ya görmək istəmirdi.

Sopiç Azərbaycana gələnə qədər müxtəlif komandalarda köməkçi kimi işləmişdi. AFFA Nikola Yurçeviçə baş məşqçiliyi burada öyrətdiyi kimi, görünür "Sabah" da onun həmyerlisini eyni məqsədlə gətirmişdi. Postunda oturan kimi "Qarabağ"a və "Neftçi"yə çempionatda, "Qəbələ"yə də kubokda məğlubiyyət, üstəlik, düz-əməlli oyun ortaya qoymamaq Sopiç təyinatının nə dərəcədə yanlış olduğuna işarə idi.

Həmin vaxt "Qarabağ" və "Neftçi" ilə oyunsonrası mətbuat konfransı artıq Azərbaycanın Sopiçlik olmadığını təsdiqlədi. Xorvatiyalı rəhbərlikdən başladı, aparıcı futbolçulara qədər, ürəyi istəyən hər kəsi açıq şəkildə yıxıb-sürüdü. Haradan biləydi ki, burada rəhbərliyə, futbolçulara "ilişmək" artıq sonunu hazırlamaqdır? Bu sərt münasibət isə bizdə keçmir, keçmədi də. Sopiç cəmi 10 oyunluq baş məşqçi oldu, bunun da 6-da komandası uduzdu. "Sabah"ın bu 10 matçda hansı fəlsəfə ilə oynadığını isə, bəlkə də, heç Sopiç özü bilmədi.

Yurçeviç mülayim, Sopiç sərt idi. Amma onları birləşdirən bir nüans var idi: baş məşqçiliyi bacarmamaq. AFFA ilə klublardakı idarəçilik arasında elə bir fərq olmadığından, eyni quyuya düşmələri normaldır. Elə öyrətmək idisə, özümüzdə öyrənmək istəyən o qədər gənc məşqçi var ki...

"Sabah"ın mövsümə Elşad Əhmədovla başlaması, Rövşən Babayevlə, İqor Ponomaryovla, Ramin Quliyevlə davam etməsi, Jelko Sopiçlə isə yekun vurması ayrıca bir kitab mövzusudur. Mövsüm ərzində mətbuat önünə 4 məşqçi çıxıb sinəsini irəli versə də, etiraf edək ki, içlərində gizli silah olan Ponomaryov ən yaxşısı idi.

Sopiç nə itirdi ki? Koronavirusa görə heç 4 ay işləmədi, əvəzində il yarımlıq müqavilənin pulunu aldı, getdi. Az maaşa da gəlməmişdi. Elə hesab eləsin ki, həm cibini doldurdu, həm də baş məşqçilik kursu keçdi. Klub rəhbərliyində Sopiçi gətirən şəxsin də nəsə itirdiyini düşünmürəm. Hamı qazanır, itirən bircə klub olur, Azərbaycan futbolu olur...

Ruslan Sadıqov