17:10 07-07-2020
news_image
158
FUTBOL

Maksimovun "Keşlə"dəki işini nümunə göstərdi - sabiq "Qəbələ"li

"Vorskla"nın Premyer Liqada ikinci "altılıq"da oynamasına, "Dinamo"nun isə 2-ci yer uğrunda mübarizə aparmasına baxmayaraq, kubokun finalında favorit yoxdur".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay Ukrayna kubokunun final matçı öncəsi yerli mətbuata açıqlamasında deyib.

Kiyev "Dinamo"su ilə "Vorskla" arasında iyulun 8-də Xarkovda baş tutacaq həlledici qarşılaşmaya münasibət bildirən Qay Poltava təmsilçisinin baş məşqçisi Yuri Maksimov amilini xüsusi vurğulayıb.

38 yaşlı sabiq yarımmüdafiəçi 2017/18 mövsümündə Maksimovun "Keşlə"nin sükanı arxasında olarkən Azərbaycan kubokunu qazanmasını nümunə göstərib: "Kiyevlilər yüksək keyfiyyətli oyun nümayiş etdirmirlər, nəticələr uğurlu deyil və haqlı olaraq tənqid edilirlər. Futbolçuların bundan əsəbiləşdiyini, psixoloji gərginlik yaşadıqlarını və emosional olduqlarını görmək olar. Bu da onlar üçün mənfi haldır. "Vorskla"da isə emosional yüksəliş var. Üstəlik, "Vorskla"nın baş məşqçisi Yuri Maksimovun kubok təcrübəsi var. Onun rəhbərliyi altında "Keşlə" Azərbaycan kubokunun finalında favorit sayılmadığı görüşdə "Qəbələ"ni məğlub edib. Bu mütəxəssis yetirmələrini necə motivasiya edəcəyini bilir və şübhəsiz ki, onları qələbəyə inandırmağa çalışacaq. Bu baxımdan mən hətta Poltava klubunu daha şanslı sayıram".

Qeyd edək ki, Aleksey Qay 2015-ci ilin yanvarından 2016-cı ilin yayına qədər "Qəbələ"nin formasını geyinib.