11:29 08-07-2020
news_image
1726
FUTBOL

Özümüzü aldatmayaq, qardaş şirinliyidir

Türkiyə futbolunun idarəçiləri "gopa basmaq"da pərgardırlar. "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebinin "CBC Sport" telekanalına müsahibəsi zamanı dediyi içi boş sözlər bir anda bütün Azərbaycan futbol ictimaiyyətini həyəcanlandırdı.

Onun "mənə ən yaxşı futbolçunuzu təklif edin, "Beşiktaş"da oynadaq" tipli açıqlamasından sonra artıq adlar sıralanmağa başladı. Kimisi Mahir Emrelini, kimisi Ramil Şeydayevi "Beşiktaş"a layiq gördü.

Əvvəla heç bir peşəkar klub rəhbəri hansısa ölkənin təklifi ilə oradan futbolçu götürməz. Belə olsaydı, skautlara nə ehtiyac var idi? Elə hər ölkədən 1-2 nəfər tapıb, onların məsləhəti ilə transfer edərdilər. Hiss olunur ki, Nur Çebi şirinlik etmək, qardaş ölkə futbolçularının xətrinə dəyməmək üçün bu sözləri deyib. Axı necə desin ki, sizdə bəyəm Türkiyə səviyyəsində futbolçu var?

"Beşiktaş" prezidentinin xətir-hörmətlə dediyi bu fikirləri bizdə ciddi qəbul edənlər olub. "Beşiktaş"a layiq bildiyimiz Ramil Şeydayevin 24 yaşı var və artıq 8 klubda forma geyinib. Karyerasında hələ 50 qol həddinə çatmayan bir hücumçudan söhbət gedir. O ki qaldı Mahir Emreliyə, onun da "Beşiktaş" səviyyəsində olduğunu söyləmək gülüncdür. "Qarabağ"ın rəqibsiz olduğu Azərbaycan çempionatının 16 oyununda 7 qol vuran Emrelinin "Beşiktaş"dakı göstəricilərini təsəvvür edə bilirsiniz? Orada hələ kapitanları Burak Yılmaz 2 oyunu qolsuz keçirəndə yıxıb-sürüyürlər. Boş yerə bu futbolçuları da ümidləndirməyin.

Azərbaycan çempionatından "Beşiktaş"ı bir kənara qoyuram, Türkiyə Super Liqasının hər hansı bir klubunda oynaya biləcək futbolçu varmı? Əslində müzakirə olunmalı məqam budur. Bizim "ən yaxşımız" dediyimiz Rəşad Sadıqov vaxtilə Super Liqanın autsayderində sıradan bir futbolçu deyildimi? Yerli futbolçulardan indi yalnız Mahir Emreli və Bəhlul Mustafazadə digərlərindən bir az fərqlənir. Mahirin Türkiyədə 2 oyunu qolsuz keçirməsinin və ya Bəhlulun qolla nəticələnən hansısa səhvinin fəsadlarını təsəvvür etmək çətin deyil.

Əvvəlki illərlə müqayisədə Premyer Liqamızda indi sayılıb-seçilən əcnəbi futbolçular da yoxdur ki, onları Super Liqa səviyyəsində görəsən. Texnikasına valeh olduğumuz Abdullah Zubirin avrokubokda bir qədər güclü rəqiblə qarşılaşanda ayağı-ayağına dolaşır. Çempionatımızdan üstün səviyyədə gördüyümüz Sezar Meza Kolli adicə Rumıniya klubunda heyətə düşə bilmədiyi üçün yenidən Azərbaycana sığındı.

Gəlin, özümüzü aldatmayaq. Futbolumuz ildən-ilə geri gedir, yeni gələn nəsil əvvəlkinin daha güclü olduğunu ortaya qoyur, əcnəbilərin səviyyəsi getdikcə aşağı düşür. Biz "Beşiktaş"a hansı futbolçunu göndərək" sualı ətrafında gərəksiz yerə baş sındırmayaq. İndi futbolumuzu quyudan çıxarmağın, istedadlı futbolçu yetişdirməyin, klubları ayaqda tutmağın dərdini çəkmək lazımdır. İdarəçilərin işlərinə peşəkar yanaşmadığı, futbolu yox, şəxsi mənafelərini güddükləri müddətdə futbolçularımız ən yaxşı halda indikilər kimi, legioner həyatı adı ilə turist kimi gedib gəzəcək və yenidən geri dönəcəklər.

Təəssüf ki, indi "Beşiktaş"a futbolçu verməyin heç xəyalını quracaq durumda deyilik. Bu gedişlə Türkiyənin, Rusiyanın birinci liqalarına, həvəskar çempionatlarına getmək futbolçularımızın ən böyük uğuru olacaq...

Ruslan Sadıqov