11:17 11-07-2020
news_image
319
FUTBOL

“Azərbaycana böyük inamla yollanmışdım” - Peru yığmasının futbolçusu

"Bu günlərdə Peruya qayıdacağam. Ancaq məqsədim orada qalmaq yox, karyeramı Avropada davam etdirməkdir. Bütün bunları Limada daha sakit şəkildə təhlil edəcəyəm".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"dən yenicə ayrılan müdafiəçi Alvaro Ampuero deyib.

Ötən mövsüm paytaxt təmsilçisində icarə əsasında çıxış edən Ampueronun ölkəsinin "Munisipial" klubu ilə müqavilə müddəti də artıq başa çatıb. Hazırda azad agent statusu daşıyan 28 yaşlı sol cinah müdafiəçisi Peru mətbuatına açıqlamasında "Zirə"dəki çıxışından razılıq bildirib: "Azərbaycana böyük inamla yollanmışdım və orada mövsüm ərzində çox oynadım. Lakin koronavirus pandemiyası səbəbindən çempionat erkən başa çatdırıldı. Oradakı çıxışımdan məmnun qaldım".

Peru millisinin üzvü Azərbaycanla ölkəsinin futbolunu da müqayisə edib: "Peruda texniki futbola üstünlük verilir. Ancaq Azərbaycan güc, sürət və mübarizə futbolu oynanılır. "Zirə"də sol cinah müdafiəçisi kimi çıxış edirdim. Bəzən 3-5-2 sistemində oynayırdıq və bu da mənim üçün üstünlük idi. Baş məşqçinin istənilən sisteminə uyğunlaşa bilirdim".

Ampuero ölkəmizdə diqqətini çəkən bir məqama da toxunub: "Bu ölkə mövcud adətlərə, xüsusən də, dini məsələyə görə bir qədər fərqli idi. Məsələn, oyunların fasiləsində namaz qılmaq ənənəsi var və siz buna hörmətlə yanaşmalısınız. Yeməkləri pis deyil. Amma adam Peru yeməklərindən ötrü də darıxır".

Qeyd edək ki, Alvaro Ampuero geridə qalan mövsüm Premyer Liqada 16 matçda iştirak edib.